XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan uşaq ədəbiyyatının inkişafına mühüm töhfələr vermiş şairə - Xanımana Əlibəyli
ÜMÜMİ XƏBƏRLƏR
20/04/2023 00:25

Xanımana Sabir qızı Əlibəyli 1920-ci il aprelin 20-də Bakı şəhərində zadəgan ailəsində dünyaya göz açıb. Babası general Ağasəlim bəy Əlibəyov və nənəsi Xanımana o zamanın yüksək təhsil görmüş ziyalılarından olublar. Gənc şairə Bakıdakı 13 nömrəli tam orta məktəbdə təhsil alıb. Müəllimi, sonralar görkəmli yazıçı kimi tanınan Məhərrəm Əlizadə Xanımananın istedadını görüb, onunla məşğul olaraq ilk şeirlərinin kütləvi informasiya vasitələrinə yol açmasına, balaca şairin Azərbaycan radiosunda çıxış etməsinə kömək edib.

16 yaşında ikən Xanımana Bakı Dövlət Tibb İnstitutuna daxil olub. Xanımana ikinci ali təhsil almaq üçün ADU-nun Filologiya fakültəsinə qəbul imtahanları verib, beş il sonra həmin fakültəni müvəffəqiyyətlə bitirib.

Xanımananın ilk şeirləri 1938-ci ildən dövrü mətbuatda dərc olunmağa başlayıb. ADU-da oxuduğu illərdə "Ana" şerini yazır. "Balaca həkim" adlı ilk kitabı 1955-ci ildə "Uşaqgəncnəşr" tərəfindən 30.000 nüsxə ilə çap olunub. Bundan başqa onun "Çox bilmiş çəpişlər", "Ləpələrin nağılı", "Sənubərin gözləri", "Məni günəşə at" və digər kitabları da işıq üzü görüb. 

Bədii yaradıcılıq sahəsində yeni, ciddi uğurlar qazanan Xanımana Əlibəyli 1953-cü ildə uşaq ədəbiyyatımızın parlaq simalarından olan Mirvarid Dilbazi və Mikayıl Rzaquluzadənin zəmanətləri ilə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilir.

Xanımana Əlibəyli yüzlərlə uşaq şeirinin, onlarla poema və səhnə əsərinin, 30-dan artıq kitabın müəllifidir. Müəllifin "Cunquş", "Dovşanın ad günü", "Aycan", "Gözəllər gözəli" pyesləri uzun müddət Gənc Tamaşaçılar Teatrının səhnəsini bəzəyib.

Əsərlərində vətənə məhəbbət, insan əməyinə və istedadına ehtiram, təbiət gözəlliklərinə vurğunluq, ata-anaya, müəllimə, qardaş-bacıya, ümumiyyətlə, böyüklərə hörmət və ehtiram, cəmiyyətdəki eybəcər hallara nifrət, gücün birlikdə olması kimi insani keyfiyyətləri tərənnüm edən X.Əlibəylinin bəzi əsərləri keçmiş SSRİ xalqlarının, eləcə də çex və slovak dillərinə tərcümə edilib.

Xanımana Əlibəyli 7 may 2007-ci ildə vəfat edib.

Baxış sayı: 525