XƏBƏRLƏR
MƏLUMAT
Akademik Nizami Cəfərov haqqında məlumat təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
02/04/2021 02:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı akademik Nizami Cəfərov haqqında məlumat təqdim edib.

Nizami Cəfərov 1959-cu il 21-sentyabr Ağstafa rayonunun Zəlimxan kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Onun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir.O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaradıb. Bu sanballı nəsri Nizami Cəfərovun yaratdığı türk xalqları ədəbiyyatı epopeyası adlandırmaq olar. Görkəmli alimin türkoloji dilçilik sahəsindəki tədqiqatları da geniş ümumtürk elmi mühitində tanınır və yüksək qiymətləndirilir.

Nizami Cəfərov Azərbaycan ədəbi tənqid tarixinin parlaq yetirməsi, bu tarixi mütərəqqi fikir və ideyalarıyla qurub-yaratmış, onun formalaşması və inkişafında əvəzsiz xidmətləri olmuş böyük alimlər pleyadasının – Mirzə Fətəli Axundov, Əli Nazim, Firidun bəy Köçərli, Mir Cəlal, Məmmədkazım Ələkbərli, Mustafa Quliyev, Məmməd Cəfər, Arif Dadaşzadə, Kamal Talıbzadə, Məsud Əlioğlu, Yaşar Qarayevin layiqli davamçısı, eyni zamanda, bu mötəbər Fikir Müstəvisini bədii sözə sevgi və sədaqətlə zənginləşdirən, milli ədəbiyyatın yönləndirilməsi və dəyərləndirilməsi ənənəsini müstəsna baxışları, əsərə, ədəbi mətnə yeni, fərdi yanaşması ilə təzələyən novator – alimdir.

Nizami Cəfərova elmi sferalarda böyük nüfuz qazandıran ilk əsərlərindən biri – “Füzulidən Vaqifə qədər” əsəri də məhz ədəbiyyatşünaslıqdan olub. Alimin “Azərbaycanşünaslığa giriş”, türk xalqları ədəbiyyatının qədim, orta, yeni və ən yeni dövrlərini əhatə edən 4 cildlik fundamental “Türk xalqları ədəbiyyatı” da elmdə əsl hadisəyə çevrilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilib.

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=N3Cofe5HyAw

Baxış sayı: 594