XƏBƏRLƏR
MƏLUMAT
23 avqust Çaldıran döyüşündən 505 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
23/08/2019 00:10

Çaldıran döyüşü Səfəvilər və Osmanlılar ara­sında 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku şəhəri yaxınlığında) baş verib.

Ağqoyunluların süqutundan sonra Səfəvilər qısa zamanda tarixi Azərbaycan torpaqlarını və ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib, Asiyanın bir hissəsini, Xorasan və İraq kimi va­cib regionları da özlərinə tabe ediblər. Qısa za­manda bu cür yüksəliş Səfəvilər dövlətinin Qərb sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə olan başqa bir türk mənşəli sülalənin maraqlarına zidd idi.

Hələ Səfəvilərin Ərdəbil hakimliyi dövründə onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi qüvvə kimi meydana çıxmalarında Anadoludakı türk-qızılbaş tayfaları çox mühüm rol oynayıb­lar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osman­lı ərazisində böyük təhlükədə idilər Səfəvilərlə müharibə təqdirində Osmanlı imperiyası ərazisində yaşayan qızılbaşların arxada üsyan qaldıracağın­dan çəkinən Sultan I Səlim (1512-1520) onlardan təqribən 40 minini edam və sürgün etdirib. Beləliklə, özünə arxadan müdafiəni təmin e­dib.

Döyüşün baş tutmasında Səfəvi hökmdarı I Şah İsmayıl və Osmanlı sultanı I Səlimin bir-birlərinə bəslədikləri münasibətlər də rol oynayıb. Sultan II Bayazid Osmanlının genişlənməsinə çox da çalışmır, ölkənin daha çox mədəni inki­şafına fikir verirdi. Ona görə də Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görün­mürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və mədəniyyətə böyük maraq göstərən II Bayazid arasında isti münasibətlər formalaşmış, 1504-cü ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II Ba­yazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürməklə hakimiyyətə gələn Bayazidin üçüncü oğlu sultan I Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı ordusu avqust ayında Səfəvilər dövlətinin ərazisinə soxuldu. Av­qustun 23-də baş verən döyüşdə hər iki tərəf ağır itikiyə məruz qaldı. Osmanlı ordusunun sağ cina­hında Anadolu bəylərbəyisi Sinan paşa, sol cina­hında isə Rumeli bəylərbəyisi Həsən paşa koman­danlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış toplar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilib. Heç bir odlu silahı və topu olmayan qızılbaş ordu­su sayca osmanlılardan xeyli az idi. Müharibəyə kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın adamlarının məsləhətinə baxmayaraq, düşməni qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün gözlənilmədən hücum etməkdən boyun qaçırdı. Səfəvi ordusunun sağ cinahında Durmuş xan Şam­lı, sol cinahında isə Məhəmməd xan Ustaclı ko­mandanlıq edirdi. I Şah İsmayıl təkbətək döyüşdə Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu qılınc­dan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz qaldı. Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn bəy Lələ Şamlı, Xadim bəy Xülafə, osmanlılar isə Həsən paşa, Məlquc oğlu, Üveys bəy, Süleyman bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.

Lakin Osmanlı ordusunda müharibəni davam etdirmək əleyhinə narazı əhvali-ruhiyyə yaradıldı­ğından sultan I Səlim Təbrizdə cəmi 6 gün qaldıq­dan sonra şəhəri tərk edib. Sultan I Səlim geri çəkilərkən bir neçə min sənətkar ailəsini İstan­bula köçürüb. Döyüşdə həlak olanların sayı barəsində mənbələrdə məlumatlar ziddiyyətlidir. Çaldırandakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi-siyasi nüfuzuna ağır ziyan vurub.

Baxış sayı: 27697