XƏBƏRLƏR
MƏLUMAT
Yaddaşlarda əbədi yaşayan sənətkar - İsmayıl Şıxlı
ÜMÜMİ XƏBƏRLƏR
26/07/2021 05:15

Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində təhsil alıb. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb, Qazax rayonunun Kosalar kənd tam orta məktəbində dərs hissə müdiri işləyib. 

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub.  

O, şeirdə lövbər salmadan nəsrə yol alıb və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmayıb. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə edib. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazıb. Onun əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. 

İsmayıl Şıxlının “Yetər Aslanova” (1949), “Kerç sularında” (1950), “Dağlar səslənir” (1951), “Daşkəsən” (1953), “Ayrılan yollar” (1957), “Dəli Kür” (1983), “Məni itirməyin” (1984), “Cəbhə yolları” (1985), “Seçilmiş əsərləri” (1986), “Daim axtarışda” (1988), “Namərd gülləsi” (1991), “Ölüləri qəbiristanda basdırın” (1992), “Ölən dünyam” (1995). Tərcümələri (türkcə və ruscadan): “XIX əsr xarici ədəbiyyat tarixi” (1964), Mopassan Gi De. “Hekayələr və novellalar” (1980), (şərikli), Əziz Nesin. “Futbol kralı” (1988) (şərikli) əsərləri vardır. 

Xidmətlərinə görə "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini alıb. 

İsmayıl Şıxlı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub.

Baxış sayı: 368