XƏBƏRLƏR
MƏLUMAT
“Naxışlar içində bir naxış-ömür” – Xalq rəssamı Lətif Kərimov
ÜMÜMİ XƏBƏRLƏR
08/09/2020 06:03

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialı Azərbaycanın Xalq rəssamı, xalçaşünas, naxışşünas Lətif Kərimovun anım günü ilə əlaqədar, rəssamın müəllifi olduğu kitab və xalça şəkillərindən videoçarx hazırlayıb, öz izləyicilərinə təqdim edib.

Lətif Kərimov 1906-cı ildə Azərbaycanın Qarabağ mahalının Şuşa şəhərində anadan olub. Onların nəsli – "Allahverənlər" tayfası toxuduqları qəşəng xalçaları ilə Qarabağ mahalında məşhur olublar.

1912-ci ildə onların ailəsi İranın Məşhəd şəhərinə köçüb. Xalça sənətinə məhəbbəti Lətifi burada Mirzə Ələkbər Hüseynzadənin emalatxanasına gətirib çıxarıb. Gənc Lətif Təbriz, Ərdəbil kimi məşhur xalça mərkəzlərini gəzib, hər sənətkardan, hər toxucudan bir təkrarsız ilmə vurmaq, bir naxış salmaq öyrənib.

Şuşa şəhərində "Qarabağxalça" artelində 1928-ci ildə təlimatçı kimi fəaliyyət göstərən Lətif Kərimov, başqa rayonlarda da yerli xalçatoxuma işinin sirlərini öyrənib. O, 1930-cu ildən xalça sənəti mütəxəssisi kimi "Azərbaycanxalça" birliyində rəssam-təlimatçı vəzifəsində fəaliyyət göstərib.

İlk dəfə olaraq Bakıda və Qubada (1932-1936) xalça məktəblərinin açılmasında Lətif Kərimovun böyük zəhməti olub. Lətif Kərimov təkcə xalçaçılıq sahəsində deyil, dekorativ- tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.

1930-1940-cı illər Lətif Kərimovun yaradıcılığında xüsusi yer tutur. Bu illərə aidbədii tərtibatlarda və başqa sahələrdə Şərqin bədii sənət xəzinəsindən ilham almış ustad əlinin izlərini görürük.

Lətif Kərimovun xalçaları həmin illərdən başlayaraq artıq Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanıb. Onun Firdovsinin anadan olmasının 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə, Ümumdünya sərgisində uğurla nümayiş etdirilib. O, min illərdən başlayaraq Azərbaycan xalçalarının müxtəlif növlərinə aid kompozisiya və naxışları toplayıb və beləliklə Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığıb, onların rəngli reproduksiyasını hazırlayıb.

Onun 1937-1939-cu illərdə Moskvada Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan Respublikasının pavilyonuna verdiyi bədii tərtibat, binanın milli memarlıq üslubu ilə möhkəm vəhdət təşkil edib.

Lətif Kərimov tanınmış rəssamlarımız (K.Kazımzadə, İ.Axundov və başqaları) ilə birlikdə 1940-1941-ci illərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin yubileyinə həsr edilmiş beş xalça hazırlayıb. Bu xalçalarda şairin "Xəmsə"sinə daxil olan poemalardan götürülmüş süjetlər təsvir edilib.

Keçən əsrin 40-cı illərində Lətif Kərimov Azərbaycan Radiosunda fars dili verilişlərinin diktoru vəzifəsində çalışıb. 1946-cı ildə Aydın Qaradağlının səsini bəyənib radionun sədri Şəmsəddin Abbasova təqdim edərək görkəmli sənətkarın yaradıcılıq yoluna yaşıl işıq yandırıb.

Elmi-yaradıcılıq fəaliyyətinə Azərbaycan SSRİ EA-nın Memarlıq və İncəsənət İnstitutunda başlayan Lətif Kərimov 1945-ci ildə ayrıca xalça şöbəsinin açılmasına nail olub. Onun "Azərbaycan xalçalarında ornament" kitabı xalçalarımızdakı naxışların, ornamentlərin öyrənilməsi baxımından misilsiz əhəmiyyətə malikdir. Böyük elmi əhəmiyyəti olan bu əsərə görə 1950-ci ildə Lətif Kərimova Leninqrad şəhərində sənətşünaslıq namizədialimlik dərəcəsi verilib. Onun monumental tədqiqat işlərindən biri də çoxcildli "Azərbaycan xalçası" monoqrafiyasıdır. Birinci cildi 1961-ci ildə dərc edilən monoqrafiya qırx ilə yaxın aparılan elmi işlərin bəhrəsidir.

Lətif Kərimovun təşəbbüsü ilə 1967-ci ildə dünyada birinci Xalça Muzeyi Azərbaycanda təşkil olunub və 1972-ci ildən tamaşaçıların ixtiyarına verilib.

https://m.facebook.com/story.php?story_fbid=1681005662057063&id=100004429351745

Baxış sayı: 1395