XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Yaşar Nurinin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
03/09/2019 00:16

Yaşar Nuri 1951-ci il sentyabrın 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyev ailəsində dünyaya gəlib. Səhnəyə ilk dəfə 11 yaşında Azərbaycan Dövlət Musiqili Komediya Teatrında "Toy kimindir?"  tamaşasında Tapdıq rolunda çıxıb. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olub. Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak edib. Müxtəlif dram dərnəklərinə gedib, 26-lar adına mədəniyyət sarayının nəzdində xalq teatrının tamaşalarında çıxış edib.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O cəld, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Balaca Yaşar rol apararkən gözləri gülürdü. O özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib.Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənib.

Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız müqəssirlər"də Neznamov və s. obrazları yaradıb.

1972-ci ildə İnstitutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib.

Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə”, ”Ömrün yolları”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, ”Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, “Ac həriflər” və s. tamaşaları misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq edib, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olub. "Azərbaycanfilm" kinostudiyasında isə saysız-hesabsız yerli filmləri səsləndirib, əcnəbi filmləri dublyaj edib.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilib. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.

Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin aktyorun 1988-ci ildən başlayaraq kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.

2010-cu ildə ölkəmizdə Üzeyir bəy Hacıbəylinin 125 illiyi qeyd edilərkən Yaşar Nuri rejissor kimi Akademik Opera və Balet Teatrında “Arşın mal alan” operettasını tamaşaya qoyur və burada Soltan bəy obrazını yaradır. Eyni zamanda Azərbaycan Dövlət Kukla Teatrında isə “O olmasın, bu olsun” tamaşasında Məşədi İbad rolunu canlı ifa edir. Musiqili Komediya Teatrının səhnəsində isə “Ər və arvad” tamaşasında Kərbəlayi Qubad obrazını yaradır. Hər üç rol Azərbaycanın ən məşhur aktyorlarının ifasında yadda qalsa da, Yaşar müəllim özünəməxsus tərzi, temperamenti və ustalığı ilə bu obrazları elə yaradır ki, onlara öz Yaşar Nuri möhürünü vurur, qəhrəmanların hər birinə fərdi yanaşaraq, onları indiyə qədər görünməyən yöndən təqdim edir və tamaşaçıların yaddaşında əbədiləşdirir.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

Baxış sayı: 43514