XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2024 09:35

Hacı Zeynalabdin Tağıyev 1823-cü ilin 25 yanvar tarixində Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş olub. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyub. 12 yaşına çatanda o artıq daş yonub.15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb. Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işlərini təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı gimnaziyasının binasında onun dəsti-xətti hiss edilib.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı o sonradan "H.Z.Tağıyev" şirkətini yaradıb. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilib. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gələn sərmayədarlar tərəfindən alınıb, onlarla neft buruqları ucaldılıb. Bu Hacını da maraqlandırıb və podratçılığı buraxaraq, neft işinə qurşanıb.

1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda, Tağıyev də torpaq payı icarəyə götürüb. Ümidini heç zaman itirməyən Tağıyev, nəhayət, arzusuna çatıb. Götürdüyü torpaqdan neft fəvvarə vurub. "H.Z.Tağıyev" adlandırdığı neft şirkətini qeydiyyata aldıran Zeynalabdin mədənində ustalara yüksək maaş verib və ən yeni avadanlıqlar quraşdırıb. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Bundan sonra o həm də neft zavodları alıb. 1882-ci ildə Tağıyev 1-ci gildiya tacir rütbəsinə layiq görülüb. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olub. 32 milyon pud (512 kq) neft hasil edib.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirib. Bu, bütün Zaqafqaziyada yeganə qızlar məktəbi olub. Binanı 1898-ci ildə tikməyə başlayıblar. 1900-cü ildə hazır olub. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fəsaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınıb. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvəllərindən başlayıb. Bu da təsadüfi deyil. 1905-ci il inqilabından sonra hökümətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb olub. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yaranıb. Qəzet və jurnallar çap edilməyə başlayıb. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi, birinci növbədə, Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayıb. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılıb.

O, müsəlmanların mənafeyi ilə ictimai-siyası məsələlərdə daim fəallıq göstərib və onun vəsaiti hesabına Ə.Axundzadənin, S.M.Qənizadənin, N.Nərimanovun və b. kitabları çap olunub. Onun tikdirdiyi teatr binası isə Azərbaycan teatr sənətinin inkişafına böyük təkan verməklə yanaşı, bir çox tamaşaların ilk nümayişinə və sonradan tanınacaq aktyorların gələcək taleyinə şahidlik edib.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də 101 yaşında Mərdəkanda vəfat edib və vəsiyyətinə əsasən Axund Hacı Turabın yanında dəfn edilib.

Baxış sayı: 537