XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə “Azərbaycan oğluyam" adlı videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
26/04/2021 02:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı  Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü ilə əlaqədar "Azərbaycan oğluyam" adlı videoçarx hazırlayıb.

Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Çox erkən yaşlarından musiqi ilə maraqlanıb. Musiqi məktəbində nəfəs alətləri şöbəsində truba sinfini bitirib.

Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub. 1989-cu ildə ordu sıralarından tərxis olunub, Bakıya dönərək Suraxanıda maşınqayırma zavodunda işləyib.

Qarabağ müharibəsi başlayarkən, Aqarunovun evə gəlib cəbhəyə könüllü yazılması xəbərini ailəsinə bildirməsi ailəsində ani çaşqınlıq yaradıb. Onun ailə üzvləri bu xəbəri birmənalı qarşılamayıb. Onun ailəsi erkən yaşda Aqarunovun həyatını riskə atmasını istəməyib və dolayısı yolla onu müharibəyə getmək fikirdən çəkindirməyə çalışsa da, Aqarunov cəbhəyə yollanıb.

Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilib. Bu tankın komandiri erməni tankçısı olan Qaqik Avşaryan olub. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulur. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsində məhv edilir. Ermənilər Birinci Qarabağ müharibəsindən sonra Avşaryanın yanmış “T-72” tankının bərpa edib, onu tünd yaşıl rəngə boyayıb, onun 442 nömrəsini ağ rənglə gövdəsində yazıb, təpənin başında Şuşaya tuşlanmış vəziyyətdə qoyublar.

Aqarunovun döyüşdüyü “Səbail” tank taborunun komandiri Hacı Əzimovun xatirələrindən: “”T-72” tankları mürəkkəb olub. Albert öz əsgər yoldaşlarına da bu tankdan istifadə üsullarını öyrədib. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Dostlarının iddiasına görə, düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Aqarunov bir mərmi ilə iki tankı vurdu. Buna görə bu metod döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar”.

Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Komandir Hacı Əzimovun sözlərinə görə, Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxır. Əvvəlcə tankı düzgün istiqamətə yönəltməsi üçün mexanikinə göstəriş verir. Daha sonra öldürülmüş şəhidlərə tərəf qaçır və cəsədləri kənara çəkən zaman erməni snayperinin gülləsinə tuş gəlir.

Albert Aqarunov torpağa tapşırılanda molla və ravvin eyni vaxtda dua oxuyub. Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://www.facebook.com/story.php?story_fbid=280158450449994&id=100053675236701

https://www.instagram.com/tv/COFzY43B2J-/?igshid=83ykloc5pquz

Baxış sayı: 189