XƏBƏRLƏR
MƏLUMAT
Yaddaşlarda yaşayacaq, Azərbaycan igidləri - Xaliq Hüseynov
ÜMÜMİ XƏBƏRLƏR
20/09/2023 00:43

Xaliq Hüseynov 2001-ci il sentyabrın 20-də Bakının Nardaran qəsəbəsində dünyaya göz açıb. İbtidai təhsilinə 2008-ci ildə 295 nömrəli tam orta məktəbdə başlayıb.

Əsgərlik yaşına çatan Xaliq 2020-ci ilin yanvar ayında Vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanıb. Elə xidmətinin ilk günlərindən əsgər yoldaşları arasında fiziki gücü və bacarığı ilə fərqlənən Xaliq bir neçə idman yarışlarında fərqlənib. Vəzifəcə baş atıcı olub.

Xaliq Hüseynov 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb və Tərtər-Ağdərə istiqamətində düşmənlə üz-üzə mübarizə aparmağa başlayıb. Baş atıcı kimi Talış və Suqovuşan kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və ərazilərin düşməndən təmizlənməsində fəal rol oynayıb.

Sağ qalan döyüş yoldaşlarının verdiyi məlumata görə Xaliq də daxil olmaqla 6 əsgərimiz erməni postuna girib və 50 erməni hərbçisini məhv edərək döyüş postunu düşməndən azad ediblər.

Əsgər Xaliq Hüseynov 16 oktyabr tarixində şiddətli döyüşlərin getdiyi Suqovuşan qəsəbəsində düşmənin minaatandan açdığı atəş nəticəsində döyüş meydanında qəlpə yarası alaraq şəhid olub. Onun nəşi ertəsi gün - 17 oktyabr tarixində doğulub böyüdüyü Nardaran qəsəbəsinə gətirilib,ailəsi ilə vida mərasimindən sonra qəsəbə sakinlərinin müşayiəti ilə Rəhimə xanım ziyarətgahına gətirilib və ziyarətin girişində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Xaliq Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Baxış sayı: 317