XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti, Azərbaycan cazının həmişəcavan Cavanı
ÜMÜMİ XƏBƏRLƏR
29/09/2022 00:23

Cavan Zeynallı 29 sentyabr 1945-ci ildə Bakıda dünyaya gəlib. Əvvəlcə 7 illik musiqi məktəbini, 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumunu bitirib. Həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunub. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləyib.

1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərib. 1979-2001-ci illərdə “Qaya” Dövlət ansamblının solisti olub. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrol səfərlərinə çıxıb, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil edib.

Musiqiçi özünəməxsus səs tembri, ifa tərzi, aurası ilə böyük pərəstişkar ordusu qazanıb.

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq Caz Festivallarının iştirakçısı olub. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış edib.

Sevimli müğənnimizin yaradıcılığı daim dövlət tərəfindən yüksək qiymətləndirib, 16 sentyabr 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar insəcənət xadimi”, 24 may 2019-cu ildə isə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adlarına layiq görülüb.

21 dekabr 2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür.

Cavan Zeynallı həm də bir çox verilişlərdə, televiziya tamaşalarında, filmlərdə yaxından iştirak edərək, səsi ilə ekran əsərlərinin bədiiləşməsinə öz töhfəsini verib: “Benefis” (veriliş, 2007), “Çətirimiz buludlardır” (film, 1976), “Dantenin yubileyi” (film, 1978), “Əlvida, cənub şəhəri” (film, 2006), “İstintaq” (film, 1979), “Kədərimiz...Vüqarımız...” (film, 1998), “Koma 0,1 saniyədə” (film, 2007), “Qonşu qonşu olsa...” (film, 1989), “Oqtay Ağayev. Ötən günlər” (film, 2004), “Park” (film, 1984), “Sizi, kiçik toq məclisininə dəvət edirik” (film, 1979), “Tam məxfi” (film, 2004), “Yanmış körpülər” (film, 2007), “Yollar görüşəndə...” (film, 1979) və s.

Peşəkar, təvazökar və həssas insan olan Xalq artisti Cavan Zeynallını doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq sevincləri arzulayırıq.

Baxış sayı: 2234