XƏBƏRLƏR
MƏLUMAT
Kamança ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
13/10/2025 14:25

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Layihə üzrə oktyabrın 9-da Bakı şəhər Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbində kamança ixtisası üzrə ustad dərsi təşkil olunub.

Kamança ifaçısı, Əməkdar artist, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Toğrul Əsədullayev tərəfindən aparılan dərsdə bu təhsil ocağı ilə yanaşı, paytaxtda fəaliyyət göstərən Kövkəb Səfərəliyeva adına 16 nömrəli, Cabbar Qaryağdıoğlu adına 9 nömrəli və 4 nömrəli uşaq musiqi məktəblərindən müəllim və şagirdlər iştirak ediblər.

Dərsin əvvəlində MEMİM-in şöbə müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Cəmilə Mirzəyeva çıxış edərək layihənin gənc ifaçıların inkişafındakı önəmini vurğulayıb.

Daha sonra şagirdlərin çalğısını dinləyən T.Əsədullayev milli musiqi alətimiz olan kamançanın ifası zamanı diqqət yetirilməli əsas məqamlardan danışıb, gənc istedadlara tövsiyələrini verib.

Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Baxış sayı: 31