XƏBƏRLƏR
MƏLUMAT
Violin ixtisası üzrə ustad dərsi
ÜMÜMİ XƏBƏRLƏR
14/10/2025 09:14

Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı ilə oktyabrın 8-də silsilə ustad dərslərinə başlanılıb.

Dahi bəstəkar, musiqişünas, pedaqoq Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan layihə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyindəki musiqi və incəsənət məktəblərinin müəllim və şagirdləri üçün nəzərdə tutulub.

Oktyabrın 18-dək davam edəcək ustad dərsləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə gerçəkləşir.

Oktyabrın 11-də Bakı şəhər Rəşid Behbudov adına 2 nömrəli onbirillik musiqi məktəbində Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Hökümə Əliyevanın iştirakı ilə violin ixtisası üzrə ustad dərsi keçirilib.

Ustad dərsinə adıçəkilən təhsil ocağı ilə bərabər, Bakı şəhər Şövkət Ələkbərova adına 20 nömrəli, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli, Müslüm Maqomayev adına 26 onbirillik, eləcə də Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəblərinin müəllim və şagirdləri qatılıb.

Əvvəlcə şagirdlər öz ifalarını təqdim ediblər. H.Əliyeva violin ifaçılığının əsas xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşüb, müəllim və şagirdləri maraqlandıran suallar cavablandırıb, öz məsləhətlərini verib.

Xatırladaq ki, tanınmış mütəxəssislər tərəfindən aparılan ustad dərsləri tar, kamança, saz, balaban, qanun, xanəndəlik, fortepiano, violin, klarnet, violonçel, vokal və rəqs olmaqla 12 ixtisası əhatə edir.

Baxış sayı: 30