XƏBƏRLƏR
MƏLUMAT
Vətən və şəhid mövzusuna həsr olunmuş şeirlər kitabxanaya təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
27/10/2021 02:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına tanınmış Azərbaycan yazıçısı, AYB-nin və AJB-nin üzvü, H.Zərdabi mükafatçısı, Mərkəzi Kitabxananın Fəxri oxucusu Gülzar İbrahimova ən ülvi duyğu olan Vətən sevgisinə həsr etdiyi və şəhid anaların ürəyinə təskinlik vermək məqsədilə yazdığı şeirlərini kitabxanaya təqdim edib.

Təqdim olunmuş şeirlər sırasında “Oğul”, - dedi mənə Vətən”, “Şəhid olsam, çox ağlama can, ana” və “Yarı varmış Şəhidin” adlı şeirləri yer alıb.

İgid oğulların əzəmətindən və Vətənimizin qüdrətindən bəhs edən şeirlər oxuculara kitabxananın sosial media hesabları üzərindən təqdim edilib.

“Oğul”, - dedi mənə Vətən

Yaralandı, bir gün Vətən

Qarşısında diz çökdüm mən,

Vətənimə dəyən güllə

Sancıldı düz ürəyimə,

Həm də məni yaraladı,

Ürəyimi paraladı.

 

Ürəyim yaman ağrıdı

Vətən dərdi çox ağırdı,

Bir səs gəldi ürəyimdən,

Qurban olum sənə, Vətən!

 

Dedim Vətən, lazım olsa,

Sənə qanımı verərəm,

Lazım gəlsə canımı da

Səndən əsirgəmərəm!

 

Belə deyib sızladım,

Vətənimi əzizlədim

Oxşadım.

Ürəyindən gülləsini

Dişlərimlə çıxartdım,

Vətənimin yarasını

Əllərimlə bağladım.

 

Gecə -gündüz keşiyində

Dayandım, oyaq qaldım,

Sızıltısına “can”- dedim

Yarasına qurban dedim,

Yuxusuz günlər keçirdim

Hədər getmədi zəhmətim!

 

Bir gün Vətən ayıldı

Yaraları sağaldı

Başı üstə görüb məni

Başımı tumarladı

“Oğul” - dedi, mənə Vətən

Ağladım sevincimdən!

 

Şəhid olsam, çox ağlama can, ana

Bu gün mən cəbhəyə gedirəm, Ana!

Ağlama, dua et, əsgər balana!

Azərbaycan haqq yolda ola-ola,

Qoymaram torpağım yağıda qala!

 

Qara xəbərimi alsan möhkəm ol,

Ürəyində söylə, “Vətən, sən sağ ol!”

Qəddini heç vaxt əymə, düşmən görər,

Çox ağlasan, yağı görüb, sevinər!

 

Mən ölsəm də, təki Vətən sağ olsun,

Azərbaycan, elim-obam var olsun!

Şəhid olsam, çox ağlama can ana,

Ağlamaq yaraşmır Azərbaycana!

 

Yarı varmış Şəhidin

Xiyabana qız gəlib,

Əyninə qara geyib,

Yaşı görünür azdır,

Üzü solğun, bəyazdır.

 

Bir qəbri tumarlayır,

İçin için ağlayır...

Hərdən deyir: “Sevgilim,

Bəs mən sənsiz neyləyim”...

 

Xəbəri yox, heç kimin,

Sevirdi gizlin-gizlin,

Sanki bir ay parçası,

Yarı varmış Şəhidin...

 

Xiyabana  qız gəlib,

Əyninə qara geyib,

Qəbri hey tumarlayır,

Səssiz-səssiz ağlayır...

 

Baxış sayı: 604