XƏBƏRLƏR
MƏLUMAT
Türkmənistanda Azərbaycan milli irsinin möhtəşəm təqdimatı
ÜMÜMİ XƏBƏRLƏR
07/08/2025 12:05

Avazada davam edən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı çərçivəsində avqustun 6-da “Azərbaycan milli günü” keçirilib.

Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəni və mənəvi irsini beynəlxalq ictimaiyyətə təqdim etməkdir.

Açılışı keçirilən "Azərbaycanın milli irsinin inciləri” adlı sərgi ziyarətçilərin böyük marağına səbəb olub. Sərgidə Azərbaycan xalçaçılıq ənənələri və müxtəlif xalça məktəblərinə aid nümunələr, milli geyimlər, kəlağayı, şəbəkə və tikmə sənəti inciləri təqdim edilib.

Ziyarətçilər sənət əsərlərini izləməklə yanaşı, xalça toxuma, şəbəkə düzəltmə, kəlağayı bəzəmə və zərgərlik üzrə ustad dərslərində də iştirak ediblər. Sərgi məkanında eyni zamanda canlı musiqi ifaları və milli rəqslər nümayiş olunub.

Tədbirin kulinariya zonası da ziyarətçilərin böyük marağına səbəb olub. Burada milli yemək və şirniyyat nümunələrimiz təqdim edilib.

İştirakçılar bir sıra yeməklərimizin hazırlanma prosesini izləyib, onların dadına baxıblar.

Milli gün çərçivəsində axşam saatlarında Azərbaycan incəsənət ustalarının iştirakı ilə möhtəşəm konsert proqramı da keçirilib.

Xalq artistləri Alim Qasımov, Gülyanaq Məmmədova, Əməkdar artistlər Fərqanə Qasımova, Ramil Qasımov, Nərgiz Kərimova, Sahib Paşazadə, eləcə də Aşıq Samirə və Aşıq Əli, “Natiq” ritm qrupu və Azərbaycan Dövlət Rəqs Ansamblı bir-birindən maraqlı ifaları ilə tamaşaçıların qəlbini fəth edib.

Baxış sayı: 35