XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyi qeyd olunub
ÜMÜMİ XƏBƏRLƏR
27/11/2025 09:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Qonağımız var” layihəsi çərçivəsində Suraxanı rayon Heydər Əliyev Mərkəzində tanınmış xanəndə, Xalq artisti, “Şöhrət”, “Şərəf” ordenli, Azərbaycan Milli Konservatoriyasının  professoru Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunmuş görüş keçirilib.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tanınmış xanəndənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, Mənsum İbrahimov gözəl xanəndə olmaqla yanaşı, həm də Azərbaycan Dövlət Opera və Balet Teatrının solistidir. O, təkcə Məcnunu yox, “Aşıq Qərib”də Qərib və “Gəlin qayası”nda Camal rollarını da yüksək səviyyədə ifa edib.

Mənsum İbrahimov çıxışında yaratdığı ölməz obrazlardan, Azərbaycan muğamının inkişafı, tədrisi və təbliği istiqamətində göstərdiyi xidmətlərdən bəhs edib, muğamlarımızdan, xalq mahnı və təsniflərimizdən danışıb və ona ünvanlanan sualları cavablandırıb.

Sonda Mənsum İbrahimovun rəhbərliyi ilə “Qarabağ” muğam qrupu “Zəfər nəğməsi” ilə çıxış edib. Xanəndə Mənsum İbrahimovu Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança) müşayiət ediblər. Həmçinin görüşdə “Muğam” Müsabiqəsinin qalibləri, Mənsum İbrahimovun tələbələri Nəsrin Şəfii və Fatma Hüseynova çıxış ediblər.

Baxış sayı: 33