XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan Malayziyada beynəlxalq kitab sərgisində iştirak edir
ÜMÜMİ XƏBƏRLƏR
02/12/2025 16:51

Azərbaycan Malayziyanın ən böyük kitab platformalarından biri olan Selanqor Beynəlxalq Kitab Sərgisində (SIBF 2025) ilk dəfə təmsil olunur.

Ölkəmizin Malayziyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Selanqor ştatının İctimai Kitabxana Korporasiyası (PPAS) tərəfindən illik əsasda təşkil edilən, 200-dən çox yerli və xarici iştirakçını, o cümlədən müəllif və naşiri, kitab sənayesi sahəsinin subyektlərini 400-dən artıq pavilyonda bir araya gətirən sərgidə müxtəlif mövzulu kitablar, xüsusi buraxılışlar sərgilənir, habelə sərgi çərçivəsində seminarlar təşkil olunur. Sərgi, həmçinin maraqlı tərəflər üçün “biznesdən biznesə” platforması rolunu oynayır.

Dekabrın 7-dək açıq olacaq sərgi 300 mindən artıq ziyarətçini cəlb etməyi hədəfləyir.

Sərgi çərçivəsində qurulan Azərbaycan milli stendi vasitəsilə ölkəmizin zəngin ədəbi-mədəni irsini, tarixini əks etdirən müasir nəşriyyat məhsulları, həmçinin malay dilinə tərcümə edilmiş kitab nümunələri təqdim olunur. Sərgi çərçivəsində qurulan əlaqələrin gələcəkdə ədəbi-mədəni əməkdaşlıqların inkişafına töhfə verəcəyi gözlənilir.

Sərgidə iştirak edən “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin üzvü və xarici əlaqələr şöbəsinin müdiri, “Libra Kitab” uşaq kitabları nəşriyyatının direktoru Veysəl Məmmədov təqdimat edib.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Baxış sayı: 16