XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış teatr aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti Mətanət Atakişiyeva
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2021 02:10

Mətanət Ağazair qızı Atakişiyeva 16 may 1962-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən də Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.

Teatrın səhnəsində yaratdığı Qaraçı ("İblis" H.Cavid), Kəniz ("Atabəylər" N.Həsənzadə), Dayə ("Sehrli alma" Y.Lada), Qəmər ("Nişanlı qız" S.Rəhman), 2-ci qız ("Od gəlini" C.Cabbarlı), Gülər xanım ("Ah, Paris…Paris!.." Elçin), Gülnar ("Vaqif" S.Vurğun), Qönçəqız ("Torpağa sancılan qılınc" N.Xəzri), Səhər ("Şeyx Xiyabani" İ.Əfəndiyev), İspan gözəli, Gülçin və Nağılçı ("Məlik Məmməd" nağıl-tamaşa), Qaratel ("Mənsiz dünya" N.Xəzri), Xumar ("Yalan" S.Rəhman), Kleya ("Məhəbbət və azadlıq" G.Fiqeryedu), Fitnə ("Fərhad və Şirin" S.Vurğun), Mələk ("Özümüzü kəsən qılınc" B.Vahabzadə), Qısırca yengə ("Burla Xatun" N.Xəzri), Səkinə ("Bu dünyanın adamları" Hidayət), Havalı qadın ("Ulduz yaxud Ədirnə fəthi" C.Cabbarlı), Qaraqoyunlu bibi ("Ağqoyunlular və qaraqoyunlular" Ə.Əmirli), Tubu xanım Axundova ("Brüsseldən məktublar" H.Həsənov), Xanım Həsənzadə ("Qatil" Elçin), Sərvinaz bəyim ("Ölüləri qəbiristanlıqda basdırın" İ.Şıxlı), Tasiya ("Kaş araba aşmayaydı" O.İoseliani), Fərqanə ("Xəcalət" H.Mirələmov), Anaxanım ("Eloğlu" A.Şaiq), Sara Bernard ("Şekspir", Elçin), Dilşad ("Əmir Teymur", Hüseyn Cavid) kimi obrazları ilə tamaşaçı rəğbətini qazanıb.

Aktrisa "İnanmırsansa" (Arzu), "Ordan-burdan" (Rənanın rəfiqəsi), "Dəvətnamə" (Füruzə), "Yunus İmrə" (Fatma) teletamaşalarında və "Azərbaycanfilm"in istehsal etdiyi "Gümüşgöl əfsanəsi" (Nərgiz), Almaniyanın istehsalı olan "Məhəbbət və susuzluq" filmində Lüsi rolunda çəkilib.

Baxış sayı: 615