XƏBƏRLƏR
MƏLUMAT
Şərqin ilk Nobel mükafatçısı Rabindranat Taqor
ÜMÜMİ XƏBƏRLƏR
07/05/2021 02:20

Rabindranat Taqor (hindcə Rabindranath Thakur) 1861-ci il mayın 7-də Benqaliyanın paytaxtı Kəlküttə (2001-ci ildən rəsmi olaraq Kəlkətə) şəhərində brəhmən nəslindən olan çox zəngin bir ailədə dünyaya gəlib. Ailənin 14-cü uşağı, sonbeşiyi olan Rabindranatın babası Dvorkonath Taqor Benqaliyanın ən varlı və nüfuzlu zadəganlarından biri olub. Atası Devendranath Taqor isə sahibkarlıqla yanaşı, həm də hindlilərin milli mənlik şüurunun formalaşmasında mühüm xidmətləri olan görkəmli bir maarifçi idi.

Rabindranat ilk şerilərini 8 yaşında yazır. Bu yazılarda təbii bir uşaq şuxluğu və yüksək əhval-ruhiyyə vardı. Lakin 14 yaşında ikən anasını itirən yeniyetmə ağır sarsıntı keçirərək küskünlüyə qapılır və tədricən bu ovqat onun yazılarında da müşahidə olunmağa başlayır. Əvvəl ev şəraitində, sonra isə seminariyada təhsil alan R.Taqor ilk hekayəsini 16 yaşında ikən yazır.

Yeniyetməlik çağlarından başlayaraq ilk şeir və hekayələrini "Qyanankur" jurnalında dərc etdirən Rabindranat 1877-ci ildən böyük qardaşının nəşr etdirdiyi "Bharoti" (Bharat Hindistanın hind dilindəki adıdır) jurnalının ən fəal əməkdaşlarından biri olub.

Seminariyadan sonra təhsilini Benqal Akademiyasında davam etdirən R.Taqor benqal dilinin, tarix və mədəniyyətinin mahir bilicisinə çevrilir. Ana dilindən başqa Hindistanın ən çox işlənən bir neçə dilini, həmçinin ingilis və sanskrit (qədim hind) dillərini, eləcə də fəlsəfə və riyaziyyatı da öyrənib.

"Şairin tarixçəsi" adlı ilk poemasını 1878-ci ildə dərc etdirən gənc yazıçı elə həmin il atasının təkidi ilə hüquq təhsili almaq məqsədilə Londona gedir. Təhsil aldığı müddətdə ixtisas fənləri ilə yanaşı, ədəbiyyat üzrə mühazirələri də dinləyir, ingilis ədəbiyyatını, milli adət-ənənənələrini, Avropa mədəniyyəti və musiqisini oyrənməyə çalışır.

Bunlardan başqa, 1883-cü ildə Hindistanın orta əsrlər dövründən bəhs edən "Bouthakuranir Nar", "Qurban mərasimi", "Poçt" adlı ilk romanlarını və "Tərki-dünya" adlı ilk pyesini yazır.

1883-cü ilin dekabrnda R.Taqor Mrinalina Debi adlı bir xanımla ailə qurur. Xanımı da brəhmən ailəsindən idi. Bu nikahdan onların beş uşağı – üç qızları və iki oğulları dünyaya gəlir. 1990-cı ildə şair gənclik dövründə ona ən çox şöhrət qazandıran, xanımına həsr olunmuş "Sevgilimin obrazı" adlı poemalar kitabını nəşr etdirir. M.Debi özü də yaxşı təhsil görmüş bir xanım idi və evlilikdən sonra ərinin təşviqi ilə böyük hind eposu "Ramayana"nı ingilis dilinə tərcümə edib.

Nobel mükafatını şeir kitabına görə alaraq dünyada daha çox şair kimi məşhurlaşsa da, o, həm də bir çox nəsr və dram əsərlərinin, həmçinin ilk benqal romanlarının müəllifi idi.

Böyük yazıçı olmaqla bərabər, həm də görkəmli bəstəkar olan R.Taqor öz şeirləri əsasında iki mindən artıq mahnı bəstələyib. Onun musiqisi lad sisteminə görə hind (ilk növbədə benqal) xalq musiqisinin motivlərinə əsaslanır. Bu məqamda onun yaradıcılığına aid daha bir əlamətdar cəhəti qeyd etmək yerinə düşər: R.Taqor dünyada yeganə sənətkardır ki, iki dövlətin – Hindistan və Banqladeşin himnlərinin müəllifidir. Onu da vurğulayaq ki, hər iki himnin həm mətni, həm musiqisi ona məxsusdur.

Musiqi ilə yanaşı təsviri sənət sahəsində də geniş yaradıcılıq diapazonuna malik olan R.Taqor dünyanın müxtəlif ölkələrində təşkil olunmuş sərgilərdə nümayiş etdirilən 2500-ə yaxın rəsm əsərinin müəllifidir.

1909-cu ildə ədib "Benqal dilinin qrammatikası" kitabını, qədim hind fəlsəfi traktatları barədə tədqiqat əsərini və "Əvəz" pyesini, 1910-cu ildə isə ona dünya şöhrəti gətirəcək "Gitancali" adlı mənsur seirlər kitabını və "Qora" fəlsəfi romanını nəşr etdirir.

1912-ci ildə R.Taqor uzunmüddətli dünya səyahətinə çıxaraq ABŞ və bir neçə Avropa ölkəsində olur. Bu illərdə yazıçının adı bütün dünyada məşhurlaşır. 1913-cü ildə ingilis dilində nəşr edilmiş "Gitancali" kitabı Nobel mükafatına layiq görüldükdən sonra Avropanın, demək olar, bütün dillərinə tərcümə edilir.

Dünyanın müxtəlif ölkələrinə otuz illik səyahətləri dövründə ümumilikdə 30-dan çox ölkədə, o cümlədən 1930-cu ildə SSRİ-də olub. Səyahətləri və mütaliələri sayəsində dünya xalqlarının mədəniyyət və mənəviyyatını dərindən öyrəndikcə R.Taqor belə bir qənaətini daha da qətiləşdirir ki, insanların hər hansı bir prinsipə (irqi, dini, milli, silki və s.) görə bölünərək qarşı-qarşıya qoyulması gərəksiz və ziyanlı bir məsələdir.

1916-cı ildə onun Nobel mükafatından sonrakı ilk yeni kitabları – "Durnaların uçuşu" şeir toplusu, eləcə də "Ev və dünya" romanı çapdan çıxır. Mütəxəssislər həmin seir kitabını R.Taqorun poetik yaradıcılığının zirvəsi hesab edirlər. Bu kitabda ideal kamilliyə və gözəlliyə can atan sair oxucuya özünün ən mükəmməl şeirlərini təqdim edib.

1931-ci ildə yazıçının 70 illik yubileyi vətənində və bütün dünyada təntənə ilə qeyd olunur. 1931-ci ildə "Son" və "Yüksəliş" adlı seir kitabları, 1933-cü ildə "İki bacı" və "Molanço", 1934-cü ildə "Dörd hissə" romanları işıq üzü görür. R.Taqor uzun sürən yaradıcılıq ömrü boyu bütün sənət növlərində, janr və formalarda ərsəyə gətirdiyi bütün əsərlərində insan ilə təbiət, insan ilə cəmiyyət arasında heyrətamiz bir harmoniya yaratmağa, düşüncədə həqiqət axtarışı ilə duyğuda gozəllik zövqünü təbii şəkildə uzlaşdırmağa nail olmuşdur.

Böyük yazıçı öz orijinal yaradıcılığından əlavə, həm də dünya ədəbiyyatının bir sıra dəyərli nümunələrini, o cümlədən Dante, Petrarka, Şekspir kimi dahilərin əsərlərini benqal dilinə tərcümə etmisdir.

Sevindirici haldır ki, Nobel mükafatını ilk sırada alan yazıçıların coxundan fərqli olaraq, R.Taqorun əsərləri Azərbaycan dilinə həm kəmiyyət, həm də keyfiyyətcə yaxşı tərcümə olunub.

1961-ci ildə R.Taqorun 100 illik yubileyi bütün dünyada təntənə ilə qeyd olunub. Həmin ərəfədə və yubiley illərində böyük hind sənətkarının adı Azərbaycan ədəbi ictimaiyyətinin də diqqət mərkəzində idi. 1956-cı ildə R.Taqorun "Hekayələr" kitabı S.Şamilovun tərcüməsində azərbaycanca çap edilir. 1960-cı ildə Azərbaycan dilində R.Taqorun daha bir kitabı – R.Şıxəmirova və S.Şamilovun tərcüməsində hekayələr, Cəfər Bağırın tərcüməsində mənsur şeirlər, Adil Babayevin tərcüməsində şeirlər toplanmış "Məhəbbət çələngi" kitabı nəşr olunur.

1961-ci ildə R.Taqorun daha bir əsəri – mənsur şeir formalı lirik miniatürlərdən ibarət "Bağban" romanı Anar və Araz Dadaşzadənin tərcüməsində, Yusif Səmədoğlunun redaktəsi ilə ayrıca kitab şəklində nəşr edilir.

1963-1967-ci illərdə Azərbaycanda R.Taqorun 8 cildlik "Əsərləri" nəşr edilir. Bu, ümumən 1000-dən çox şeiri, 2000-dən çox nəğməni, elə o qədər də mənsur şeiri əhatə edən 50 şeir kitabının, 12 roman və povestin, 100-dən artıq hekayənin, 30 pyesin, külli miqdarda publisistik əsərin müəllifi olan böyük yazıçının yaradıcılığını tam əhatə edə bilməsə də, Azərbaycan oxucusunda onun sənəti haqqında dolğun təsəvvür yaratmağa kifayət idi.

Ölkəmiz müstəqillik qazandıqdan sonra da Azərbaycanda böyük hind yazıçısına maraq azalmayıb, 2003-cü ildə onun hekayə və mənsur seirlərindən ibarət "Əbədiyyət nəğmələri" kitabı Maqsud Hacıyevin tərcüməsində nəşr olunub. Dünya ədəbiyyatı klassiklərinin əsərlərinin Azərbaycan dilində latın qrafikası ilə nəşr edilməsi haqqında Azərbaycan Respubliksı Prezidentinin 2004-cü ildə imzaladığı sərəncama əsasən tərtib edilmlş siyahıda R.Taqorun da adı vardı. Həmin sərəncama uyğun olaraq, 2009-cu ildə nəşr edilmiş "seçilmiş əsərlər" kitabına yazıçının "Fəlakət", "Ev və dünya" romanları, hekayə və mənsur şeirlərindən seçmələr daxil edilib.

XX əsrin əvvəllərində dünyanın ali ədəbiyyat mükafatını ilk dəfə Şərq ölkəsinə qazandırmaqla R.Taqor təkcə öz adını müasir dünya ədəbiyyatının tarixinə yazmadı, həm də qədim yurdunun yeni dirçəliş mərhələsinin simvoluna çevrilib. Hindistanın mənəvi və mədəni inkişafına yeni təkan verməklə o, hind xalqına öz dilinə, mədəniyyətinə, intellektinə inam hissini yenidən qaytarıb.

Ömrünün son dörd ilini ağır xəstəlik yatağında keçirən, ancaq axır günə qədər yaradıcılıq əzmindən qalmayan böyük yazıçı 1941-ci il avqustun 7-də vəfat edib. Bir sənətkar və şəxsiyyət olaraq R.Taqorun ən böyük xidməti oz yaradıcılığı ilə əsarət altında olan vətənini, onun tarix və mədəniyyətini bütün dünyada tanıtmağa nail olmasıdır.

Baxış sayı: 3091