XƏBƏRLƏR
MƏLUMAT
Şəmkir çayının sahilində yerləşən “Mahrasa məbədi”
ÜMÜMİ XƏBƏRLƏR
19/01/2021 04:43

Gədəbəyin maraqlı abidələrindən biri də Şəmkir çayı ətrafındakı şəhər xarabalığında müasir dövrə qədər salamat qalan “Mahrasa” məbədidir. Mahrasa məbədi Azərbaycan memarlığının ən gözəl nümunələrindəndir. Bu məbəd hündür qala divarları ilə əhatələnib. Bu divarlar məbədə həm də istehkam görkəmi verir. Məbədin birinci mərtəbəsi çay daşlarına bənzər müxtəlif rəngli daşlarla hörülüb. Altı sütundan ibarət olan güllənin yuxarı hissəsi piramida şəklindədir.Məbədin yanında karvansaranı xatırladan bir tikili də var.

Məbədi erkən orta əsrlərin başlanğıcında,təxminən III-V,III-VII əsrlərə aid etmək olar.Eramızın  IV-V əsrlərindən sonra Alban məbədinə çevrilən bu tikili qədim dövrlərdən atəşpərəstlərin ibadət yeri olub.Gədəbəy rayonunda elə abidələr var ki, 2000 ildən çox yaşı var. Onların çoxu əl çatmaz yerlərdə yerləşdiyi üçün dağıntıya məruz qalmayıb və bu günümüzə qədər gəlib.Abidənin adına əsaslanaraq demək olar ki, Mahrasa məbədi yarandığı ilkin mərhələdə göy cisimlərinə etiqad olunan müqəddəs yer kimi tanınıb. Hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq Mahrasa atəşpərəsliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib. “Mahrasa” sözünün elmi təhlili də bu fikri təsdiq edir. Belə ki, sözün kökü olan “mah” həm farsca, həm də türkcə “ay” deməkdir. “Rəsad” isə göy cisimləri müşahidə olunan yerə deyilir. İki söz birləşməsindən “Mahrəsad” yaranır. Sözün sonunda gələn “d” səsi çətin ifadə olunduğuna görə məbəd “Mahrasa” adlandırılıb. Azərbaycanın Gəncə, Kəlbəcər və başqa ərazilərində də “mahrasa” adını daşıyan abidələrimiz var. Bu abidələrdə də aya sitayiş izləri, divar təsvirləri qeydə alınıb. Gədəbəydəki Mahrasa məbədi Albaniyanın Girdiman vilayətinin mərkəzi məbədlərindən biri olub.

Baxış sayı: 1203