XƏBƏRLƏR
MƏLUMAT
"Sənətə həsr olunmuş rəssam ömrü” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
09/05/2022 02:24

Mayın 7-də Əzim Əzimzadənin Mənzil-Muzeyində Əzim Əzimzadənin anadan olmasının 142 illiyi münasibəti ilə "Sənətə həsr olunmuş rəssam ömrü” adlı tədbir keçirilib. 

Tədbirdə, DİA-nın Tələbə Gənclər Təşkilatının sədri Murad Həsənxanlı və onun kollektivi, “Aytam” birliyinin sədri Aygün Zamanlı, Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev, təsviri sənət üzrə Əməkdar müəllim Yaşar Səmədov, UNEC dizayn məktəbinin müəllimi Aytən Yusifkənan və Universitetin tələbə heyəti iştirak edib. 

Muzeyin direktoru İradə Əzimadə qonaqları salamlayaraq, Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadənin Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açdığını diqqətə çatdırıb. Bu gün onun adına hər kəs hörmətlə yanaşır. Yeni rəssamlar nəsli onun ənənələrindən bəhrələnirlər.

Daha sonra söz Ziyadxan Əliyevə verilib. O, “dünyaya ruhunda gəzdirdiyi gözəllik duyumunu gerçəkləşdirmək missiyası ilə gələn Əzim Əzimzadənin Azərbaycan təsviri sənət tarixində xüsusi yeri vardır” - deyə qeyd edib.

Rəssam Yaşar Səmədov Əzim Əzimzadənin yaradıcılığına həsr edərək çəkdiyi "Yük" adlı əsərini muzeyə hədiyyə edib. 

Muzeydə həmçinin UNEC dizayn məktəbi tələbələrinin Əzim Əzimzadə yaradıcılığını əks etdirən əsərləri sərgilənib. Çəkilən əsərlər tanınmış rəssamlar tərəfindən müsbət rəylə qiymətləndirilib.

Daha sonra musiqi  sədaları, rəqslər tədbirə xoş abu-hava qatıb.

Baxış sayı: 432