XƏBƏRLƏR
MƏLUMAT
"Qürur dolu tarix yazan şəhidlərimiz" rubrikasında Müşviq Abbasov
ÜMÜMİ XƏBƏRLƏR
05/10/2021 01:55

Müşviq Qabil oğlu Abbasov 16 aprel 1970-ci ildə Ağdam rayonunun Abdal Gülablı kəndində anadan olub. Orta təhsilini bitirdikdən bir müddət sonra Qarabağ müharibəsi başlayıb və 2 qardaşı ilə birgə Müşviq də könüllü olaraq həmin müharibədə döyüşməyə başlayıb. O, bir çox döyüşlərdə və hərbi əməliyyatlarda iştirak edib, Ağdam şəhərinin kəşfiyyat komandiri təyin edilib. Müharibə bitdikdən sonra məcburi köçkün həyatı sürən Müşviq ailəsi ilə birgə Mingəçevirə köçüb və burada yaşayıb. 31 mart 1998-ci ildə İntiqam və 31 yanvar 2000-ci ildə Şamil adlı oğlanları dünyaya gəlib.

Tovuz döyüşləri zamanı hərbi komissarlığa oğulları ilə birgə getsə də, onu qəbul etməyiblər. 26 sentyabr 2020-ci ildə hərbi komissarlığa çağırılan Müşviq Abbasov və 2 oğlu bir gün sonra, 27 sentyabr 2020-ci ildən könüllü olaraq Vətən müharibəsində döyüşə başlayıblar. Kiçik oğlu Şamil atası ilə çiyin-çiyinə döyüşüb, böyük oğlu İntiqam isə Suqovuşanda “N” saylı hərbi hissənin kəşfiyyat bölüyünün baş kəşfiyyatçısı olaraq döyüşlərdə iştirak edib.

Müşviq Ağdam istiqamətində bir çox hərbi əməliyyatlarda müvəffəqiyyətlər qazanıb. 5 oktyabr 2020-ci ildə Ağdam rayonunun Qərvənd kəndi istiqamətində gedən döyüşlərdə könüllü əsgər Abbasov Müşviq Qabil oğlu qəhrəmancasına şəhid olub.

Ağdam şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Müşviq Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Baxış sayı: 124