XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Milli Qəhrəman Yalçın Nəsirov haqqında videoçarx yayımlanıb
ÜMÜMİ XƏBƏRLƏR
25/01/2021 01:39

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialı Azərbaycanın Milli Qəhrəmanı Yalçın Nəsirov haqqında videoçarx hazırlayıb.

Kitabxananın Abonement bölməsinin müdiri Sevinc Əliyeva videoçarxı ümummilli lider Heydər Əliyevin sözləri ilə başlayıb:“Vətən yolunda şəhid olanlar ölmürlər, xalqın qəlbində, ürəyində əbədi yaşayırlar. Biz onların qəhrəmanlığı, şəhidliyi ilə fəxr edirik. Bu bizim millətimizin iftixarıdır”.

Şəhidlik adi ölüm deyil. Vətən torpağı, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Səhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Yalçın Canhəsən oğlu Nəsirov 1976-cı il yanvar ayının 23-də Astara rayonunun Sərək kəndində anadan olub. 1982-1992-ci illərdə Sərək kənd orta məktəbində təhsil alıb. 1994-cü il aprel ayının 19-da Milli Orduya çağırılıb. 2 ay daxili qoşunların tərkibində təlim keçərək, hərbi xidmətini Tərtər və Şamaxı rayonlarında davam etdirib. O, Vətənimizi azad və bütöv, güclü görmək arzusu ilə yaşayıb.

1995-ci il mart ayının 13-dən 17-ə kimi dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edib. Martın 17-dən 18-ə keçən gecə dəstənin zərərsizləşdirilməsi zamanı Yalçın ağır yaralanıb, xeyli qan itirdiyindən həyatını xilas etmək mümkün olmayıb. Yalçın Nəsirov mart ayının 24-də aldığı yaradan Sabunçu rayon xəstəxanasında vəfat edib.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli 307 saylı Fərmanı ilə Nəsirov Yalçın Canhəsən oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Astara rayonu Sərək kənd orta məktəbi qəhrəmanın adını daşıyır. Rayondakı "Qəhrəmanlar" parkında büstü qoyulub.

Şəhidlər ölməz, unudulmaz. İllər keçsə də gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, Şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq.

Allah şəhidlərimizə rəhmət eləsin

Videoçarxı aşağıdakı keçiddən izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CKZBcldDerw/?igshid=15z3tt8vtr9yd

Baxış sayı: 242