XƏBƏRLƏR
MƏLUMAT
Nəğməkar şair Vahid Əziz
ÜMÜMİ XƏBƏRLƏR
23/11/2021 00:48

Vahid Əziz (Cəfərov) 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olub. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirib (1963). Əmək fəaliyyətinə Əli Bayramlı (indiki Şirvan) şəhərində “Şirvanneft” trestində başlayıb (1963-1964).

Azərbaycan Politexnik İnstitutunu bitirib (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971-1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976-1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982-1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989-1991) vəzifələrində çalışıb.

Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olub (1991-1997). Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və Şəhər Tərtibatı Departamentində Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsinin müdiri olub. Yuxarı Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni - Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil edib.

"Oğuz eli" ədəbi-publisistik qəzetin işıq üzü görməsinə ciddi köməyi olub. Bakıda keçirilən Beynəlxalq-biznes konqresinin təşkilat komitəsi qərargahının rəisi olub (1991). "Ergün" firmasını, eyniadlı nəşriyyatı təsis edib. Burada bazar iqtisadiyyatı ilə sıx bağlı olan sorğu, lüğət kitablarını, müasir Avropa və Amerika iqtisadçılarının əsərlərini kütləvi tirajla nəşr etdirib.

Bədii yaradıcılığa 1967-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çıxan ilk şeirindən sonra başlayıb. Həmin vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. Son illər 200-dən çox publisistik məqaləsi və müsahibəsi dərc olunub. Yeni şeirlərlə vaxtaşırı çıxış edir. Sözlərinə bəstələnmiş mahnıların diski buraxılıb. "Dözmək olmur" (1997) şeirlər kitabı rəğbətlə qarşılanıb. Bədii tərcümə ilə də məşğuldur. 40-dan çox mahnısına musiqi bəstələnib. Azərbaycanın rəsmi nümayəndə heyətinin tərkibində dəfələrlə xarici ölkələrdə olub.

24 may 2019-cu ildə "Azərbaycan Respublikasının Xalq şairi" fəxri adına layiq görülüb.

Baxış sayı: 832