XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
ÜMÜMİ XƏBƏRLƏR
01/12/2023 17:02

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” keçirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar reallaşan layihənin məqsədi mədəniyyət və yaradıcı sənayelərin vahid sahə kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin dəstəklənməsi, o cümlədən sahəvi klasterləşmənin təşviqidir.

Zəngin proqramı olan “Yaradıcı həftə” çərçivəsində 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçirildi.

Forum ekosistem oyunçuları arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinin və mövcud problemlərin müzakirəsi, yaradıcı sənaye sahəsinin kompleks şəkildə inkişaf imkanlarının araşdırılması məqsədilə təşkil olunmuşdu.

Noyabrın 28-də forumun açılış mərasimi keçirildi. Tədbirdə dövlət rəsmiləri, müvafiq qurumların nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak edirdilər.

Əvvəlcə qonaqlar forum müddətində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə təşkil edilən Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi (MY EXPO–2023) ilə tanış oldular.

Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və regionları bir araya gətirib.

Açılış mərasimində çıxış edən mədəniyyət naziri Adil Kərimli bildirdi ki, yaradıcı sənayelər mədəniyyətin vacib sahələrindən biridir: “Mədəniyyət Nazirliyi olaraq noyabrın 27-dən dekabrın 3-dək “Yaradıcı həftə” elan etmişik. Həftə çərçivəsində müxtəlif tədbirlər təşkil olunacaq. Mədəniyyət və Yaradıcı Sənayelər Forumu da həftənin əsas tədbirlərindən biridir. Forumdan gözləntimiz mədəniyyətin digər sahələri kimi, yaradıcı sənayelərin müxtəlif sahələrini müzakirə etmək, gələcək çağırışları üzərində işləmək və yol xəritəmizi müəyyən etməkdən ibarətdir”.

Nazir bildirdi ki, dövlət tərəfindən bu sahəyə xüsusi yanaşma mövcuddur. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəniyyət və yaradıcı sənayelərə xüsusi yer ayrılıb. Bu, dövlətin mədəniyyət və yaradıcı sənaye sahəsinə nə dərəcədə önəm verdiyinin göstəricisidir: “Düşünürük ki, forumun bu kontekstdə böyük əhəmiyyəti olacaq. Forum müddətində Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi də təşkil olunur. Məqsəd mədəniyyət və yaradıcı sənayelərin əhatə etdiyi sahələri əyani şəkildə göstərməkdir”.

Diqqətə çatdırıldı ki, forumda 7 paneli əhatə edən müzakirələr olacaq, 3 dəyirmi masa keçiriləcək. Həmçinin həftə çərçivəsində “Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsi təşkil ediləcək. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 10 yaradıcı klaster üzrə Quba, Bakı, Sumqayıt, Lənkəran, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki,  Şamaxı və Şuşada ümumilikdə 100 tədbirin keçirilməsi nəzərdə tutulur.

Nazir çıxışının sonunda forumun işinə uğurlar arzuladı.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkə iqtisadiyyatı üçün yeni yanaşmalardan hesab edilən mədəniyyət və yaradıcı sənayelərə həsr olunan forumun əhəmiyyətini yüksək qiymətləndirdi, layihənin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirdi.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Mədəniyyət Nazirliyi tərəfindən il ərzində mədəniyyətin müxtəlif sahələri üzrə keçirilən forumların əhəmiyyətindən danışdı. Dedi ki, bu cür forumlar müvafiq sahələrdə maraqlı tərəflər üçün bir yol xəritəsi müəyyən edir.

Çıxışlardan sonra forum işini panel sessiyalarla davam etdirdi.

***

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 28-də açılış mərasimindən sonra işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanovun moderatorluğu ilə gerçəkləşən paneldə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni prezidenti Aktotu Raimkulova quruma rəhbər təyin edilməsini fəaliyyətinə göstərilən yüksək diqqət kimi dəyərləndirdi və Azərbaycan dövlətinə minnətdarlığını bildirdi. Fondun fəaliyyəti barədə danışan A.Raimkulova Türk dünyasının maddi-mənəvi irsinin və tarixinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü bildirdi.

Fondun prezidenti müvafiq sahədə fikir və ideya mübadiləsi aparılmasında, həmçinin gənc istedadların üzə çıxarılması baxımından forumu yüksək qiymətləndirdi.

“British Council” təşkilatının yerli ofisinin direktoru Nərgiz Hacıyeva qurumun “Creative Spark: ali təhsil müəssisəsi proqramı” adlı layihəsinin uğurla həyata keçirildiyini vurğuladı. Bildirdi ki, “Creative Spark” Birləşmiş Krallığın dəstəyi ilə ümumilikdə yeddi ölkədə biznes bacarıqlarını və yaradıcı iqtisadiyyatı inkişaf etdirmək məqsədilə universitetlərarası və institusional əməkdaşlığı beynəlxalq səviyyədə dəstəkləmək üçün nəzərdə tutulan beşillik təşəbbüsdür.

Art market üzrə litvalı mütəxəssis, “artXchange Global”ın icraçı direktoru Ornela Ramasauskaite yaradıcı və mədəni sənayenin yalnız gözəllik deyil, həmçinin iqtisadiyyat olduğunu dedi. O, Azərbaycanı Qafqazın mədəniyyət paytaxtı kimi təqdim etmənin yolları, cəmiyyətin kreativ sənayeyə baxışını dəyişmək və investisiya cəlb etməklə bağlı düşüncələrini bölüşdü. Dedi ki, Azərbaycanda yaradıcı sənayenin çoxsahəli fəaliyyət istiqamətləri var və bu sahənin inkişafı üçün ilk növbədə prioritetlər müəyyənləşdirilməlidir: mədəniyyət sahəsinin idarə edilməsi, mədəni marketinq təhsili, maarifləndirmə işinin gücləndirilməsi, eləcə də bu sahədə təhsilə dövlət dəstəyi.

Qırğızıstan Yaradıcı Sənayelər Assosiasiyasının sədri Daniar Amanaliyev ölkəsində fəaliyyət göstərən Yaradıcı sənaye parkı haqqında məlumat verdi. Bildirdi ki, kreativ iqtisadiyyat son illərdə dünya iqtisadiyyatının ən dinamik inkişaf edən sektorlarından biridir. D.Amanaliyev dedi ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın yaradıcı sənaye üzrə şəbəkəsi yaradılıb. Artıq şəbəkəyə üç mindən çox şirkət qoşulub. Qarşılıqlı təcrübə mübadiləsi öz müsbət nəticəsini verib, bu sahədə müvafiq yol xəritəsi də hazırlanıb. Qırğızıstanda ən sürətli klasterin İT sektoru olduğunu bildirən mütəxəssis bu sahədə gəlirlərin hər il təxminən iki dəfə artdığını diqqətə çatdırdı.

Beynəlxalq biznes və texnologiyalar üzrə israilliekspert Tal Catran yaradıcı sənayenin  inkişafı üçün maliyyə və bu sahədə bacarıqlı mütəxəssislərin vacib amil olduğunu dedi.

Panelin sonunda yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması barədə fikir mübadiləsi aparıldı.

***

Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olunmuşdu.

Mədəniyyət Nazirliyi Beynəlxalq təşkilatlarla iş sektorunun müdiri Araz Bağırlının moderatorluğu ilə reallaşan paneldə çıxış edən Türkiyə Yaradıcı Sənayelər Şurasının rəhbəri Sertaç Eray Ersay yaradıcılıq sahəsinin iqtisadiyyata təsiri və bu sahəyə verilə biləcək töhfələrlə bağlı fikirlərini bölüşdü. O, bu sahənin inkişafının insan şüuru ilə bilavasitə bağlı olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, yaradıcı məhsul insan faktoruna əsaslanır. İnsanın bacarığını iqtisadi potensiala çevirərək ondan istifadə etmək hazırda ən vacib məsələlərdən biridir.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) icraçı direktorunun müşaviri Tural Hacılı dedi ki, yaradıcı sənayelərin ixracı məsələsində AZPROMO olaraq hazırda xalçaların təşviqi istiqamətində layihə üzərində çalışılır: “Ən vacib məqamlardan biri ixracın təşkili sahəsində maarifləndirmədir. Biz bununla əlaqədar maarifləndirmə proqramları yaratmalıyıq. Çünki yaradıcı insanlara bu istiqamətdə kömək edilməlidir”.

Rəqəmsal transformasiya üzrə ekspert Fəxri Eminov Azərbaycanda yaradıcı sənayenin 2010-cu ildən bəri inkişaf etdiyini söylədi. O, innovativ biznes modelinin yaranmasının təbii bir prosesə çevrildiyini diqqətə çatdırdı. Bildirdi ki, hüquqi baza, maliyyə və innovativ klasterlərin formalaşması əsas məsələdir. Müvafiq istiqamətlərdə treninqlərin keçirilməsi, investorların axtarışı bu işdə kömək ola bilər.

Qırğızıstanın “Prima” ictimai fondunun təsisçisi və rəhbəri Viktoriya Yurtayeva yaradıcısı olduğu klassik musiqi festivalı – “TENGRİ Music fest” haqqında danışdı, layihənin ölkənin kreativ sənayesinə təsirindən söz açdı. O, yaradıcılıq sənayesinin inkişafı üçün festivalların, forumların, sərgilərin, yarmarkaların və digər tədbirlərin əhəmiyyətini vurğuladı.

Panelin sonunda yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, sektorun problemləri və inkişafı kimi məsələlər müzakirə edildi, təkliflər səsləndirildi, suallar cavablandırıldı.

***

Forumun birinci gününün sonuncu panelində “Qlobal incəsənət bazarları: yerli incəsənət nümayəndələri üçün mövcud trendlər və imkanlar” mövzusu müzakirəyə çıxarılmışdı.

İncəsənət layihələri üzrə kurator Emin Məmmədovun moderatorluğu ilə keçirilən paneldə YARAT Müasir İncəsənət Məkanının bədii rəhbəri Fərəh Ələkbərli təmsil etdiyi qurumun rəssamlıq sənəti sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verdi.

“Ta(r)dino6” incəsənət platformasının həmtəsisçisi, mədəniyyət meneceri Əsli Səmədova (Azərbaycan, İtaliya) Azərbaycan rəssamlıq məktəbi və incəsənət nümunələrinin dünyada təbliği istiqamətində həyata keçirdikləri layihələr haqqında söz açdı.

Rəssam Faiq Əhməd, sənətşünas Mehparə Abbasova çıxışlarında sözügedən sahədə təhsilin səviyyəsi və elmi biliklərin pərakəndəliyindən bəhs etdilər. Bildirildi ki, bölgələrdə bu sahəyə diqqət və marağı artırmaq üçün təbliğat aparılmalıdır. Müxtəlif təşkilatlar qrant ayırsalar da, regionlarda sənət insanları və qalereyalar bu proseslərdən xəbərsiz olurlar.

Panel müzakirədə Azərbaycan rəssamlarının beynəlxalq sərgilərdə iştirakı ilə bağlı məsələ də diqqət mərkəzində oldu. Moderator Emin Məmmədov bu kontekstdə Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə keçirilən “Fly to Baku” müasir Azərbaycan incəsənəti sərgisini nümunə çəkdi. Bildirdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan sərgi bir sıra müəlliflərin beynəlxalq aləmdə tanınmasına vəsilə olub. Sərgi Azərbaycanın müasir incəsənətini 6 ölkənin paytaxtında – London, Paris, Berlin, Roma, Vyana və Moskvada nümayiş etdirmək üçün unikal imkan yaradıb. Layihədə yaşlı və orta nəslə mənsub 21 rəssamın 100-dən artıq əsəri nümayiş etdirilib.

Paneli sessiyada yerli incəsənət nümayəndələrinin dünya bazarına çıxışı və təbliği mövzusunda müzakirələr aparıldı, suallar cavablandırıldı.

Mədəniyyət və Yaradıcı Sənayelər Forumu noyabrın 29-da panel sessiyalar və dəyirmi masa ilə işini davam etdirəcək.

***

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı həftə” çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun ikinci günü – noyabrın 29-da üç panel iclası oldu.

“Mədəniyyət sahəsində innovasiyalar: qabaqcıl texnologiyalar, süni zəka və oyun texnologiyaları” mövzusunda panel italiyalı mütəxəssis, “CultTech akselerator” layihəsinin nümayəndəsi Marino Pasqualenin moderatorluğu ilə gerçəkləşdi.

Paneldə çıxış edən Almaniyanın “3dots” şirkətinin təsisçisi Çağıl Özdəmir “Culttech” startaplarının texnologiya, mədəniyyət, ümumiyyətlə, cəmiyyət üçün əhəmiyyətini qeyd etdi. Dedi ki, startaplar sayəsində yaradıcılar və istehlakçılar potensial olaraq güclənərək mədəniyyətə kütləvi giriş təmin edə, yeni iqtisadi modelləri inkişaf etdirə bilərlər. Çünki iş dünyasının harada inkişaf etdiyini anlamaq, insanların gözləntilərini qarşılamaq və yeniliklərə hər zaman açıq olmaq zəruridir.

İtaliyanın “Mae” təşkilatının həmtəsisçisi və baş marketinq direktoru Egle Trovato da “Culttech” startaplarının əhəmiyyətini vurğuladı. Dedi ki, bu, adi startaplardan bir sıra xüsusiyyətlərinə görə fərqlənir: “Biz mühit yaradırıq ki, insanlar bir yerə toplaşsın, fikirlərini və ideyalarını bölüşsünlər. Məqsəd sadəcə biznes olmamalıdır, vacib məqamlardan biri olsa belə. İlk əvvəl insanlar təşkil etmək istədikləri yeniliklər barədə fikir mübadiləsi aparmalı, yaradıcı təkliflər irəli sürməli və daha sonra addım atılmalıdır. Biz birlikdə bu sahə üzrə çağırışlara doğru getməliyik”.

İtaliyanın “Proofcheck” startapının həmtəsisçisi Tara Veckovska Merrigan yaradıcı sənayenin geniş imkanlara sahib olduğunu dedi. Bildirdi ki, hazırda süni intellekt aktual mövzudur və bir sıra layihələrdə bizə kömək edir: “Lakin mən daha çox insanlarla ünsiyyətdə olmağa çalışıram. Çünki biz insanlarla süni intellekt arasında bir tarazlıq yaratmalı, insanları qiymətləndirməyi bacarmalıyıq. Hazırda olduğumuz vəziyyətdən daha qabağa getmək, biliklərimizi artırmaq, insan və texnologiyanın gücü ilə yeniliklərə doğru addım atmaq mümkündür. Bəzi yerlər var ki, süni intellekt nəticəsində insanların həyatı asanlaşır, amma digər yerlərdə hələlik bu texnologiya üçün addım atılmayıb. Biz həyatımızı asanlaşdırmaq, həmçinin daha yaxşı şəraitdə yaşamaq üçün texnologiyanın imkanlarını öyrənməli və tətbiq etməliyik”.

“Luxout” şirkətinin təsisçisi Səbinə Atayeva qeyd etdi ki, bir neçə il əvvəl əhali yerli model brendləri almaqdan çəkinirdi: “Artıq vəziyyət dəyişib. Hazırda müşahidə edirik ki, yerli brendlər əhali arasında çox populyardır. Bu, çox qürurverici haldır”.

Panelin sonunda Heydər Əliyev Mərkəzi Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova mərkəzdə təşkil olunan “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisi haqqında məlumat verdi və iştirakçıları sərgini izləməyə dəvət etdi.

Daha sonra qonaqlar sərgi ilə tanış oldular.

***

Noyabrın 29-da forumun növbəti paneli “Rəqəmsal dövrdə rəqabətqabiliyyətli audiovizual sahənin formalaşdırılması” mövzusuna həsr olunmuşdu.

Azərbaycan Prodüserlər Gildiyasının sədri Fikrin Bəktaşinin moderatorluğu ilə reallaşan paneldə çıxış edən animasiya mütəxəssisi Oqtay Yusibov bu sahənin inkişaf perspektivləri haqqında fikirlərini bölüşdü. Qeyd etdi ki, animasiya filmləri çəkilərkən uşaqların emosiyaları nəzərə alınmalıdır.

“Bakı blogerlik məktəbi”nin rəhbəri Yelena Eyvazlı söylədi ki, “Global Digital”ın builki hesabatına görə, dünyada 5,44 milyard insan mobil telefondan istifadə edir. Bu isə dünya əhalisinin 68%-ni təşkil edir. İnternetdən istifadə edənlərin sayı 5,16 milyard nəfər hesab olunur. Yəni dünya əhalisinin 64,4%-i internetə çıxışa malikdir. Sosial şəbəkə istifadəçilərinin sayı 4,76 milyard nəfərdir. Bu isə dünya əhalisinin 60%-nə yaxındır.

“Poetika” film istehsalı şirkətinin direktoru, “Diaspora” beynəlxalq qısa filmlər festivalının təsisçisi Emrah Kılıç Türkiyədə audiovizual sahəyə göstərilən maliyyə dəstəyi mexanizmi haqqında məlumat verdi. Bildirdi ki, hazırda türk filmlərinin texniki səviyyəsi dünya standartlarına çatıb, kino məktəblərinin savadlı və istedadlı nümayəndələri bu sahəyə hakim olmağa başlayıb.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BBQFF) direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamiyev rəhbəri olduğu festival haqqında məlumat verdi. Dedi ki, hər il dünyanın müxtəlif ölkələrindən göndərilən 1500-dən çox film arasından ən maraqlıları seçilərək festivalın proqramına daxil edilir. Artıq BBQFF onlarla xarici və yerli rejissor, prodüser, ssenaristin görüş yeridir. Məqsəd gələcəkdə yerli və ortaq layihələrin inkişafı üçün xüsusi proqramların yaradılmasıdır.

Prodüser Zaur Mirzəzadə Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) və Azərbaycan Prodüserlər Gildiyasının təşkilatçılığı ilə həyata keçirilən “Prodüserlərin yüksəlişi” adlı təlim proqramı və ARKA-nın elan etdiyi film layihələri müsabiqəsi haqqında söz açdı.

“Wediacorp Holding”in prezidenti Funda Demir Şen “Auidovizual məzmunun digital səyahəti” mövzusunda çıxışında vurğuladı ki, vizual və audiovizual məzmundan digital platformalarda satış və lisenziya, reklam, abunəlik və üzvlük, ianə və dəstək üzərindən gəlir əldə etmək mümkündür.

Çıxışlardan sonra mövzu ilə bağlı suallar cavablandırıldı, təkliflər ətrafında fikir mübadiləsi aparıldı.

***

Forumun ikinci gününün sonuncu panelində “Dizayn sənayesinin inkişafı” mövzusu müzakirə edildi.

“Coders” şirkətinin art-direktoru Rəsul Həsənin moderatorluğu ilə gerçəkləşən paneldə “Safaroff Agency”nin rəhbəri Çingiz Səfərov çıxış edərək dizayn sənayesinin inkişaf mərhələlərindən danışdı. Bildirdi ki, çağımızda rəqəmsal dizayn daha çox özəl sektorda inkişaf edib: “Sahə üzrə Azərbaycan dilində tədris proqramları həyata keçirilir, müvafiq mərkəzlər fəaliyyət göstərir. Bu sahədə də əsas məsələ təhsildir. Ümid edirik ki, universitetlərimizdə dizayn təhsilinin inkişafına xüsusi diqqət yetiriləcək”.

Azərbaycan Dizayn Assosiasiyasının sədri Rəhim İsmayıl rəhbərlik etdiyi təşkilatın yaranma tarixindən və fəaliyyət istiqamətləri barədə məlumat verdi.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Pərviz Həmzəyev 5 nömrəli peşə məktəbi kimi tanınan mərkəzin daha çox yaradıcı sənaye üzrə kadr hazırlığı həyata keçirdiyini dedi. Kadr hazırlığının əmək bazarına hesablandığını vurğulayan natiq mərkəzdə mədəniyyət sahəsində 28 ixtisas üzrə kadr hazırlığı həyata keçirildiyini diqqətə çatdırdı. Qeyd olundu ki, operator, kino montaj, səs rejissoru, batika, moda və geyim dizayneri, qrim, xalçaçılıq, zərgərlik və s. ixtisaslar tədris edilir. Mərkəzdə iki səsyazma studiyası və inklüziv siniflər də fəaliyyət göstərir.

Çıxışlardan sonra dizayn sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

***

Noyabrın 30-da forumun sonuncu panel sessiyası gerçəkləşdi.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nazlı Əhmədovanın moderatorluğu ilə keçirilən panel “Mədəniyyət və yaradıcı sənayelər Milli Prioritet kimi” mövzusuna həsr olunmuşdu.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova “Yaradıcı həftə”nin və bu layihə çərçivəsində keçirilən Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, Azərbaycanın tarixi “İpək Yolu”nun üzərində yerləşməsi, yeniliklərə hər zaman açıq olması, müxtəlif mədəniyyətləri özündə birləşdirməsi xalqımızın yüksək yaradıcı potensialını şərtləndirib. 

Bildirildi ki, Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda mədəni yaradıcı sənayenin inkişaf etdirilməsi, onun ÜDM-də payının artırılması kimi məsələlər də əksini tapıb.

Strategiyada nəzərdə tutulan hədəflərə çatmaq üçün nazirlikdə yaradıcı sənayelər üzrə işçi qrupu formalaşdırılıb. Qrupun fəaliyyətinin dəstəklənməsi üçün digər dövlət qurumları tərəfindən nümayəndələr müəyyən edilib. İl ərzində 5 yerli təhsil proqramına start verilib və bu məqsədlə edu.creative.az informasiya resursu yaradılıb.

Hazırda yaradıcı təhsil üzrə təqaüd proqramı və yerli sənaye subyektlərinin elektron kataloqu tərtib edilir. Həyata keçirilən tədbirlər əsasən yeni yaradıcı məhsulların hazırlanmasına yönəlib. Başlıca məqsəd ölkədə sənaye zəncirinin reallaşmasına şərait yaratmaq, yaradıcı sənaye məhsullarının regional və beynəlxalq müstəviyə çıxmasına nail olmaqdan ibarətdir. Bu istiqamətdə düzgün metodoloji çərçivənin hazırlanmasında və statistik göstəricilərin formalaşmasında digər müvafiq dövlət qurumlarının da dəstəyinə ehtiyac var.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə heyətinin sədr müavini Samir Hümbətov agentliyin kreativ sənaye sahəsində fəaliyyəti barədə məlumat verdi. Qeyd etdi ki, yaradıcı sənayenin inkişafı istiqamətində KOBİA çoxşaxəli fəaliyyət göstərir. Ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi bu sahədə biznesin dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması önəm kəsb edir.

Əqli Mülkiyyət Agentliyi Aparatının rəhbəri Xudayət Həsənli yaradıcı sənayedə əqli mülkiyyətin rolu, bu sahənin idarə edilməsi barədə fikirlərini bölüşdü, son illər bu istiqamətdə ölkəmizdə uğurlu islahatlar aparıldığını diqqətə çatdırdı. Qeyd olundu ki, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması, sektorun ixrac potensialının artırılması, kreativ məhsulların ölkə xaricinə çıxarılması üçün lazımi köməklik göstərilir. Bu prosesdə davamlı inkişaf üçün dövlət və özəl sektorun əməkdaşlığı zəruridir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi icraçı direktorunun müavini Rəşad Hüseynov yaradıcı sənayenin müasir biznes çağırışları, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması barədə danışdı.

Panel sessiyada iştirakçıları maraqlandıran suallar cavablandırıldı, səsləndirilən təkliflər ətrafında fikir mübadiləsi aparıldı.

Bununla da üçgünlük Mədəniyyət və Yaradıcı Sənayelər Forumu işini başa çatdırdı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaradıcı həftə”nin (27 noyabr – 3 dekabr) tədbirləri isə davam edir.

Baxış sayı: 166