XƏBƏRLƏR
MƏLUMAT
Tbilisidə gənc azərbaycanlı rəssamların sərgisi açılıb
ÜMÜMİ XƏBƏRLƏR
14/07/2025 09:28

Tbilisi Dövlət Rəssamlıq Akademiyasının böyük sərgi salonunda gənc azərbaycanlı rəssamların “Palitra İnteqrasiya” adlı sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Tbilisi Dövlət İncəsənət Akademiyası, İnkişaf və Təhsil Mərkəzi və Gürcüstan İncəsənət Akademiyasının birgə təşkilatçılığı ilə reallaşıb. Sərgidə Marneulidəki “Tea House” rəsm kursunun, “Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi”nin, “Rizvan İsmailov Studio”, “Borçalı Carpet & Art”, “Saral İnkişaf və Təhsil Mərkəzi”nin və “Parlaq Gələcək Gənclər Mərkəzi”nin gənc rəssamlarının 100-ə yaxın əl işi nümayiş etdirilib.

Açılışda çıxış edənlər qeyd ediblər ki, layihənin əsas məqsədi regionlarda yeniyetmə və gənclərin incəsənətə marağını artırmaqdır. 2018-ci ildən ənənəvi olaraq keçirilən bu sərgi yeniyetmə və gənclərin incəsənətə, mədəniyyətə, xüsusən də rəssamlığa marağının artdığını göstərir.

Bildirilib ki, ilk illərdə belə sərgidə çox az adam iştirak edirdi. Lakin bugünkü sərgidə 50-yə yaxın rəssamın 100-ə yaxın əsərinin nümayiş olunması sübut edir ki, gənclərimizin bu sahəyə marağı ildən-ilə artıb.

Sonra sərgidə təmsil olunan mərkəzlər “İncəsənətin regionda inkişafına verdiyi töhfəyə görə” mükafatı ilə təltif olunublar.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Baxış sayı: 53