XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli qarmon ifaçısı, Xalq artisti Avtandil İsrafilov
ÜMÜMİ XƏBƏRLƏR
24/01/2022 00:31

Azərbaycan musiqi xəzinəsinə həm ifası, həm də bəstələri ilə incilər bəxş etmiş Xalq artisti Aftandil İsrafilov 24 yanvar 1941-ci ildə Bakı şəhərində anadan olub.

Qarmon ifası sahəsində öz dəsti-xətti və məktəbi olan, islahatçı musiqiçi yaratdığı əsərləri ilə könülləri fəth edir, qəlbin incə tellərinə toxunaraq, insana həyat eşqi, yaratmaq həvəsi, nikbin əhval-ruhiyyə bəxş edir. Sanki Azərbaycanın ecazkar təbiəti, mavi Xəzərin təlatümü, Xəzrinin fırtınası, Gilavarın ilıq nəfəsi və Günəşin isti hənirtisi bu musiqidə özünəməxsus ahənglə və ritmik ardıcıllıqla təqdim olunur.

Bayağılıqdan, saxtakarlıqdan uzaq, ənənələrimizə sadiq ifaçı öz dəsti-xətti ilə yeni üslub yaradır və Avtandil üslubunu dinləyici minlərlə musiqinin içindən xırdalıqlarına görə asanlıqla ayırır.

Qarmonun şirmayı dillərinə toxunduqca ustad sənətkar ifa etdiyi, yaşatdığı və yaratdığı hər musiqinin, muğam və rəngin, rəqslərin sanki qoruyucusuna çevrilir və dinləyiciyə milli dəyərlərimizi qorumağı aşılayır.

Nağıllarda olduğu kimi ona verilən buta – fitri istedadı ustad sənətkarı ölkəmizin hüdudlarından kənarda da tanıdıb. O vaxtilə Moskvada keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyündə respublikanı ləyaqətlə təmsil edib.

Həmin vaxtdan qastrollar, konsert proqramları, çəkiliş meydançaları həyatının bir parçasına çevrilib. 1961-ci ildə Politexnik İnstitutunun (indiki Texniki Univetsitet) mülki tikinti fakültəsinə qəbul olunarkən leytenant Şmidt adına zavoda (indiki Səttarxan adına zavod) işə düzəlir. Gündüzlər məktəbdə, axşamlar isə zavodda fəaliyyət göstərən rəqs qrupunun məşqlərinə gedir. Rəqs qrupunda başqa qarmon ifaçıları da vardı. Amma Avstriyaya qastrol səfərinə getmək vaxtı çatanda siyahıya onun adını salıblar. Artıq qarmon onun ali məktəb oxumaq meylini də əlindən alır. Üçüncü kursa keçəndə məktəbi buraxıb. Həyatını birdəfəlik qarmona həsr edib. "Azkonsert"in tərkibində ansambl yaradıb və onun bədii rəhbəri olub. 1970-ci ildə Zeynəb Xanlarovayla Türkiyədə qastrol səfərində olub. Konsertlər çox uğurla keçib. Bir müddət sonra Zeynəb xanım onu öz dəstəsinə dəvət edib. Orada da uzun illər çalışıb və Azərbaycanda dönə-dönə konsertlər veriblər.

Müsahibələrindən birində sənətin sirrini belə ifadə edib Avtandil İsrafilov:

“... Bir də, barmağı hərəkətə gətirən ürək əsas şərtdir. Cümlə nədir? Bitmiş bir fikri ifadə edən bir və ya bir neçə sözdən ibarət söz birləşməsi... Qarmonda da gərək cümlə olsun. Yoxsa olacaq "qart-qurt".

Beyində yaranan, ürəkdə cilalanan və barmaqlarla dilə gələn ”Zemfira”, “Kəmalə”, “Nazilə”, "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir.

Avtandil İsrafilov sənəti hər zaman diqqət mərkəzində olub, neçə-neçə nəsil onun yaradıcılığından bəhrələnib. Xalqın sənətkarının irsi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Avtandil İsrafilov “Azərbaycanın Xalq artisti”, “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü”, “Şöhrət” ordeni ilə təltif olunub.

Hörmətli sənətkarımızı təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 1085