XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli ictimai-siyasi xadim, maarifçi - Nəsib bəy Yusifbəyli
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2022 00:35

Azərbaycanın görkəmli dövlət və siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri olan Nəsib bəy Yusifbəyli 5 iyul 1881-ci ildə Gəncədə ziyalı ailəsində doğulub. Gəncə klassik gimnaziyasını bitirib, 1902-ci ildə Odessa Universitetinin hüquq fakültəsinə daxil olub. 1907-ci ildə çar hökuməti universiteti müvəqqəti olaraq bağladıqdan sonra, Nəsib bəy Bağçasaray şəhərinə (Krım) gedib, burada İsmayıl bəy Qaspralının nəşr etdiyi "Tərcüman" qəzeti ilə əməkdaşlıq edib. Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənərək, bir müddət orada yaşayıb. Krım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak edib, Ə.Haqverdiyevin teatr həvəskarları tərəfindən tamaşaya qoyulan "Dağılan tifaq" dramında Nəcəf bəy rolunu oynayıb. Ehtiyac və təqiblərdən yaxa qurtarmaq üçün 1908-ci ildə Türkiyəyə mühacirət edib. 1909-cu ildə Gəncəyə qayıdaraq, şəhər bələdiyyəsində çalışan və tez-tez Bakıya gələn Yusifbəyli burada "Açıq söz" qəzetinin redaktoru Məhəmməd Əmin Rəsulzadə ilə tanış olub.

Fevral inqilabından (1917) dərhal sonra Yusifbəyli Gəncədə Türk Ədəmi-Mərkəziyyət Partiyasını yaradıb. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak edib. 1917-ci ilin iyununda Türk Ədəmi-Mərkəziyyət Partiyası M.Ə.Rəsulzadənin rəhbərlik etdiyi "Müsavat" partiyası ilə birləşib, yeni partiya "Türk Ədəmi-Mərkəziyyət firqəsi Müsavat" adlanıb. Yusifbəyli bu partiyanın oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak edib, partiya proqramının müəlliflərindən biri olub, onun mərkəzi komitəsinin üzvü seçilib, Gəncə şöbəsinə rəhbərlik edib.

Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirak edib, 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutub, milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra edib.

Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinetində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, Xoyskinin 2-ci və 3-cü hökumət kabinetlərində xalq maarifı və dini etiqad naziri vəzifələrini tutub. Xalq maarifi nazirliyinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi idi. N.Yusifbəylinin təqdimatı ilə hökumət 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edib. 1919-cu ildə 4-cü hökumət kabinetinin təşkili Yusifbəyliyə tapşırılıb və aprelin 14-də elan olunan tərkibdə o, baş nazir vəzifəsindən əlavə, daxili işlər naziri vəzifəsini də tutub. Parlamentdə daxili və xarici siyasət haqqında hökumət proqramı ilə çıxış edən N.Yusifbəyli bildirib ki, hökumətin xarici siyasət sahəsində başlıca məqsəd və vəzifəsi böyük dövlətlərin Azərbaycanın istiqlaliyyətini tanımasına nail olmaq, ölkənin ərazi bütövlüyünü qoruyub saxlamaq, daxili siyasət sahəsində isə iqtisadiyyatı dirçəltmək, əhalinin sosial rifahını yaxşılaşdırmaq, demokratik azadlıqları, o cümlədən söz, mətbuat, yığıncaq və s. azadlıqları təmin etməkdir. Yusifbəylinin 1919-cu ilin dekabrında təşkil etdiyi ikinci hökumət kabineti 1920-ci ilin martına kimi fəaliyyət göstərib. Yusifbəylinin baş nazir olduğu dövrdə ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması, Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin hazırlanması, savadsızlıqla mübarizə kurslarının açılması, məktəb dərsliklərinin hazırlanması və nəşrinə başlanılması idi. Yusifbəyli hökumətinin qəbul etdiyi son qərarlardan biri hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilməyib. Diplomatik əlaqə yaratmaq haqqında Azərbaycan hökumətinin bütün təkliflərini cavabsız qoyan sovet Rusiyası tərəfındən təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Yusifbəylinin başçılıq etdiyi 2-ci hökumət 1920-ci il martın 30-da istefa verməyə məcbur olub. Aprelin sonlarında sovet Rusiyasının beynəlxalq hüquq normalarını kobudcasına tapdalayan hərbi müdaxiləsi və 11-ci Qırmızı ordu hissələrinin qanlı döyüş əməliyyatları nəticəsində Paris Sülh Konfransının (1919-1920) iştirakçısı olan dövlətlər tərəfındən tanınmış müstəqil Azərbaycan dövləti - Azərbaycan Xalq Cümhuriyyəti aradan qaldırılıb və onun ərazisi işğal olunub.

Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Yusifbəyli 1920-ci il may ayının 31-də yolda faciəli surətdə qətlə yetirilib.

Baxış sayı: 1202