XƏBƏRLƏR
MƏLUMAT
Gəncə İmamzadə türbəsi
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2019 07:03

İmamzadə yaxud Göy imam türbəsi — Gəncə şəhərinin təqribən 7 kilometrliyində, qədim Gəncənin xarabalıqları yaxınlığında VIII əsrə aid tarixi memarlıq abidəsidir.

Gəncə şəhərinin ən maraqlı memarlıq abidələrindən biri xalq arasında Göy günbəz və Göy məscid (Göy İmam) kimi tanınan İmamzadə kompleksidir. Kərpicdən tikilmiş türbənin ətrafında kiçik məscidlər, təkyələr, karvansara tipli evlər, alaqapı və köməkçi binalardan ibarət dini kompleks yaradılmış, kompleksin ətrafına daş və kərpicdən hasar var.

Türbə bu kompleksin ən qiymətli abidəsidir. İmamzadə türbəsinin tikildiyi tarix dəqiq müəyyən edilməmişdir. Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbənin hündürlüyü 12 m, künbəzin hündürlüyü 2,7 m, diametri isə 4,4 m-dir.

Günbəzə mavi kaşıdan üzlük çəkilmişdir ("Göy imam" adı da bununla əlaqədardır). Bərdə və Naxçıvan imamzadə məscidlərində olduğu kimi İmamzadə türbəsi ilə Bərdə türbəsi, həmçinin Axsadanbaba türbəsi arasında memarlıq cəhətdən üslub yaxınlığı var. Türbə sonralar (ehtimal ki, XVII əsrdə) bir ziyarətgah şəklini almış və onun ətrafında dini mahiyyət daşıyan binalar inşa edilmişdir. Gəncə İmamzadə Piri memarlıq abidəsi kimi orta əsrlərə aid edilir. İmamzadə türbəsi kərpicdən tikilib, rəngarəng kaşılı, kərpic örtüklü günbəzə malikdir. Ətrafında isə məscid, sərdabə və digər türbələr tikilib. Müxtəlif vaxtlarda aparılan təmir-bərpa işləri onun görkəminin müəyyən qədər dəyişməsinə səbəb olub.

İbrahimin dəfn olunduğu qəbirstanlıq bir zamanlar Gəncə şəhərinin yaxınlığında olub. Bunu həmin ərazilərdə aparılan qazıntı işləri zamanı tapılan qədim əşyaların, şəhər xarabalıqlarının qalıqları da təsdiq edir. Tarixin müxtəlif dönəmlərində, müəyyən səbəblər üzündən Gəncə şəhərinin yeri üç-dörd dəfə dəyişdirilib. Hazırda ziyarətgah şəhərin 6-7 kilometrliyindədir.

Azərbaycan ərazisindəki digər imamzadələrdə olduğu kimi, Gəncə İmamzadəsində də imam övladı İbrahimin dəfnolunma tarixi barədə ilkin kitabə yoxdur. Ancaq ziyarətgah haqqında, yəqin ki, ən böyük həqiqətlərdən biri araşdırmaçı-alim Məşədixanım Nemət tərəfindən oxunmuş daş kitabədir. Kitabədə yazılıb:

"O, Allah əbədidir. Bu, İmam Məhəmməd Baqir – ona salam olsun – oğlu mövlana İbrahimin müqəddəs məkanı (yerləşmiş) şərəfli (cənnət) bağıdır. Öz babasının köçməsindən 120 il sonra vəfat etmişdir – Allahın ona salavatı olsun. Və ona görə də bu yüksək məqamlı yerin bərpa olunmasına tiflisli general-mayor İsrafil bəy Yadigarzadə hicri 1296-cı (1878-79) ildə əmr etmişdir".

Kitabə təsdiq edir ki, Gəncə İmamzadə Pirində – V İmam Məhəmməd Bağırın oğlu Mövlanə İbrahim dəfn olunub.

Son iki əsrdə İmamzadədə bərpa işləri 1878-79-cu illərdə polkovnik İsrafil bəy Yadigarzadənin və 1993-cü ilin iyulunda Hacı Vaqif Vəliyevin xeyriyyəçilik təşəbbüsləri ilə aparılmışdır. İmamzadə türbəsi kərpicdən tikilmiş, günbəzin xarici səthi kaşılı kərpiclə örtülmüşdür. Rusiyada işləyən iki gəncəli öz vəsaitləri hesabına ziyarətgahın yalnız ibadətgah-kompleksini təmir etdiriblər.

Üçüncü böyük bərpası 2010 cı ilin aprelində başlamışdır. Prezident İlham Əliyev bu abidə-ziyarətgahın da təmiri və bərpası ilə bağlı xüsusi Sərəncam imzalayıb. Sərəncama əsasən 2010-cu ildən kompleksin əsaslı şəkildə yenidən qurulması davam etdirilir.

Ziyarətgahın üçmərtəbəli əsas binasında təmir işləri başa çatıb. Birinci mərtəbəsi dəstəmazgah, ikinci mərtəbəsi inzibati otaqlar, üçüncü mərtəbəsi isə mehmanxanadan ibarət olan binada zəvvarlar üçün hər cür şərait yaradılıb.

Baxış sayı: 24594