XƏBƏRLƏR
MƏLUMAT
Əməkdar artist Əkbər Əlizadənin 45 yaşı tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2022 00:37

Əkbər Müzəffər oğlu Əlizadə 23 may 1977-ci ildə Bakı şəhərində anadan olub.1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram-teatr və kino” fakültəsində aktyorluq ixtisasına yiyələnib. 2000-ci lidə həmin Universitetin “Teatrşünaslıq” ixtisası üzrə magistr pilləsini bitirib.

1994-cü ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına balet artisti vəzifəsinə işə qəbul olunub. Bu müddət ərzində Fərəc Qarayev, Eduardo De Filippo “Filumena Marturano”, Oktay Kazımi, Ramiz Heydər “Qızıl toy”, Soltan Hacıbəyov, Məhərrəm Əlizadə “Qızılgül”, Emin Sabitoğlu, Cahangir Məmmədov “On min dollarlıq keyf”, Emin Sabitoğlu, Vladimir Kalmanovski “Odnajdı v Baqdade”, İmre Kalman “Tsıqan premier”, İmre Kalman “Silva” və s. kimi tamaşalara qurulan rəqslərdə oynayıb.

1998-ci ildə təyinatla aktyorluq vəzifəsinə keçirilib. İşlədiyi müddət ərzində Ramiz Mustafayev, Cavanşir Məmmədovun “Məsmə xala dayımdır”da Elgün, İmre Kalmanın “Tsıqan premier”də Muştard, Frans Leqarın “Vesyolaya vdova”da Sen De Brioş, Qara Qarayevin “Neistovıy Qaskonets”də Qasqoniyalı, Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun”da hamamçı, sonralar İntilligent Həsən, Sərdar Fərəcov, Rəşad Nuri Güntəkinin “Bir günlük siğə”də Xəlil, Emin Sabioğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”da Balakişi, Vasif Adıgözəlov, Anarın “Aldın payını, çağır dayını”da Tərgəldi, Oktay Rəcəbov, Akşin Babayevin “Əlin cibində olsun”da Xankişi, Ramiz Əkbərin “Bəydullanın möhtəşəm toyu”nda tamada, Cavanşir Quliyev, Əli Əmirlinin “İtkin ər”də Zəkə, Üzeyir Hacıbəylinin "Arşın mal alan”da Süleyman, Ramiz Mirişli, Marat Haqverdiyevin "Amerikalı kürəkən”də Cəlil, Ramiz Mirişli, Marat Haqverdiyevin "Qısqanc ürəklər”də Əjdər, Faiq Sücəddinov, Tamara Vəliyevanın "Mən dəyərəm min cavana”da Rza, Üzeyir Hacıbəylinin "Ər və arvad”da Səfi, S.Kərimi, Ə.Olun "Kimyagər”də Molla Həmid rollarını ifa edib.

1997-ci ildə Akademik Milli Dram Teatrında Səməd Vurğunun “Fərhad və Şirin” tamaşasında Şiruyyə rolunu oynayıb. 1994-cü ildən 2000-ci ilə qədər Xalq artisti Cənnət Səlimovanın rəhbərlik etdiyi Bakı Kamera Teatrında aktyor kimi Jan Botist Molyerin "Skapenin kələkləri” - Leondr, Cəlil Məmmədquluzadənin "Məkkəyə yol” - Zəvvar, Vilyam Şekspirin "Otello” - Lodoviko, Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan” - Mister Fok, "Dəvriş Məstəli şah”da - Qulaməli, "Lənkəran xanın vəziri”ndə Ərizəçi obrazlarında çıxış edib.

1995-ci ildən dövlət səviyyəli konsert və tədbirlərin fəal aparıcısıdır. 2000-2006-cı illərdə Dövlət Filarmoniyasında da aparıcı vəzifəsində çalışıb. 2003-cü ildə "Space” kanalında "Meloman" verilişinin, 2006-2007-ci illərdə "Azəristar” müsabiqəsinin aparıcısı olub. 2006-cı ildən "Planet parni iz Baku" ŞHK teatrının aktyoru və aparıcısıdır. 2008-ci ildə "Xəzər” TV-də "Gülüş ulduzu" müsabiqəsinin və "Komediya səhnəsi" verilişinin aparıcısı olub. 2011-ci ilin yanvar ayından "Space" TV-nin "Hər səhər" proqramının aparıcısıdır. Eyni zamanda "Xəzər" televiziyasinin istehsal etdiyi "Qayınana" teleserialina çəkilib.

Habelə "Mənim ömür nəğmələrim” (2003) Boz köynəkli, "Yumurta” (2003) Şamil, "Mükafat” (2004) Gitar, "Kişiləri qoruyun” (2006) Orxanın dostu və s. film və seriallarda maraqlı obrazlar yaradıb. Əkbər Əlizadə hazırda Azad Azərbaycan Televiziyasında da aparıcı kimi fəaliyyət göstərir.

Ə. Əlizadə 2008-ci ildə Prezident mükafatına layiq görülüb. 2009-cu ildə “Əməkdar artist” fəxri adıyla təltif olunub.

İstedadlı aktyor və teleaparıcı, Əməkdar artist Əkbər Əlizadəni yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

Baxış sayı: 420