XƏBƏRLƏR
MƏLUMAT
El çələngindən inci bayatılar yeni videoçarxın mövzusudur
ÜMÜMİ XƏBƏRLƏR
25/09/2020 08:06

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi Azərbaycan şifahi xalq ədəbiyyatında lirik növün ən geniş yayılmış janrlarından biri olan bayatılar haqqında məlumat və videoçarx hazırlayıb.

Bayatı - Azərbaycan lirik xalq şeir janrıdır. Qafiyə sistemi “a-a-b-a” prinsipi ilə qurulan dörd misralı və hər misrası yeddi hecadan ibarət olan şeir şəklidir. İlkin-arxaik şeir biçimlərindən biri olduğu üçün bu şeir qəlibi 3-cü misrası sərbəst, qalanları həmqafiyə olur. Əsas fikir son iki misrada ifadə edilir.

Bayatılar təkcə Azərbaycan xalq ədəbiyyatında deyil, bütövlükdə türk folklor etnocoğrafiyasında geniş yayılmış formalardandır. Bayatının mənşəçə bayatların adı ilə bağlı olduğu ehtimal edilir. Mövzuca rəngarəng olan bayatılarda xalqın kədəri, ictimai quruluşa, zülmə qarşı etirazı, yadelli işğalçılara nifrəti, azadlıq və xoşbəxtlik arzuları ifadə edilib, məhəbbətə, ayrılığa, dostluğa aid təsirli misralar söylənib.

Xalq ədəbiyyatının başqa janrları kimi, bayatılar da nəsildən-nəslə keçərək, müxtəlif variantlara düşüb. Sarı Aşığın bayatıları məşhurdur. Bayatı janrından klassik və müasir yazılı ədəbiyyatda da istifadə edilib. Türkdilli xaalqlarda onun müxtəlif adları var. Məsələn, İraqda xoyratları misal göstərmək olar. Bayatılar forma və məzmunça müəyyən mənada, çastuşkalara yaxındır. Həzin melodiya və havalara da bayatı deyilib. Bəzi muğam adları (“Bayatı-Şiraz”, “Bayatı-kürd”, “Bayatı-qacar” və s.) bayatı sözü ilə bağlıdır.

Bayatıların ilk misraları, bir qayda olaraq, "Mən aşiq", "Mən aşiqəm", "Əzizinəm", "Eləmi" sözləri ilə başlanıb. Bayatıların bir növü də cinas bayatılardır. Belə bayatıların qafiyələri cinas sözlər üzərində qurulub.

Məsələn;

Əzizim yasəməni,

Dərmişəm yasəməni.

Getdin, arxaya baxdın,

Batırdın yasa məni

Burada "yasəməni" və "yasa məni" sözləri cinasdır. Birinci mənada gül, ikincidə isə qəm, kədər məzmunundadır.

Mövzu ilə bağlı videoçarxı və məlumatı aşağıdakı keçidlərdən izləyə bilərsiniz.

https://m.facebook.com/story.php?story_fbid=423289738639637&id=100028758428301&sfnsn=mo&extid=NX3HRWoD6ExTNraU 

https://www.instagram.com/p/CFgXW_jFEA8/?igshid=e3x3htboj4z4

https://www.instagram.com/tv/CFgXgCSHjq9/?igshid=102ri2yafnrgb

 

Baxış sayı: 1616