XƏBƏRLƏR
MƏLUMAT
Dünən Xalq artisti, cazmen, bəstəkar Rafiq Babayevin doğum günü idi
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2020 00:10

Azərbaycan cazından danışarkən istedadlı bəstəkar, Xalq artisti, cazmen, pianoçu, təvazökar və xeyirxah insan Rafiq Babayevin adını xatırlamamaq mümkün deyil.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən, bədii rəhbəri, Azərbaycanın Xalq artisti, ud və tar ifaçısı Mircavad Cəfərov olan “Cəngi” estrada-folklor ansamblı böyük bəstəkarın ad günü münasibətilə, onun ömür yolunu vərəqləyən, xatirələri oyadan “Anlamaq istəyirəm” adlı videoçarx hazırlayıb. Musiqini isə pianoda istedadlı musiqiçi Vasif Hüseynzadə ifa edir.

Rafiq Babayev musiqisinin sehrli aləminə baş vurub “Düşüncələr”ə dalan caz həvəskarları bu klip vasitəsilə həmçinin ötən əsrin 60-cı illərində Azərbaycan milli caz və estrada sənətinin korifeyləri – Rəşid Behbudov, Vaqif Mustafazadə, Müslüm Maqomayevlə çiyin-çiyinə çalışaraq püxtələşən və ənənələri davam etdirməklə, Azərbaycan milli cazının inkişafı, burada gənc və istedadlı musiqiçilərin yetişdirilərək dünyaya tanıdılması istiqamətində böyük işlər görmüş, beləliklə də əsərləri ilə milli cazın ikinci baharını yaşatmış bəstəkarın əziz xatirəsini yad edirlər.

Rafiq Babayev 1965-ci ildə instrumental caz kvartetini yaradıb, sonradan kvartet Teymur Mirzəyevin Bakı vokal kvinteti ilə birləşərək tamaşaçıların sevimlisi, unudulmaz “Qaya” caz vokal instrumental ansamblına çevrilib və bəstəkar ansamblın musiqi rəhbəri təyin edilib.

Ayrı-ayrı vaxtlarda Mahnı Teatrının musiqi rəhbəri, estrada-simfonik orkestrinin bədii rəhbəri və dirijoru kimi çalışır. Yaratdığı musiqi kollektivlərində gənc və istedadlı musiqiçilərin üzə çıxması üçün əlindən gələni əsirgəmir. Rafiq Babayev 1978-ci ildə Azərbaycan SSR-in Əməkdar artisti, 1993-cü ildə isə müstəqil Azərbaycanın Xalq artisti adlarına layiq görülür. Milli musiqini cazla sintez edərək ona yeni nəfəs verən istedadlı bəstəkar 20-dən çox bədii və sənədli ekran əsərinə, həmçinin cizgi filminə musiqi bəstələyib.

Rafiq Babayevin hərtərəfli şəxsiyyəti mədəniyyətimizdə öz izini qoymaqla bərabər, yeni musiqiçilər nəslinin nümayəndələri üçün də ilham mənbəyi olan bir məbəddir. 1993-cü ildə çəkilmiş “Təhminə və Zaur” filminin saundtreki olan “Əlvida” kompozisiyası daha sonra bir sıra müğənnilər tərəfindən oxunsa da, Rafiq Babayevin ifasında təkrarolunmazdı.

Lakin dünyanın lənətlədiyi terror bu böyük sənətkarın həyatına son qoydu. 19 mart 1994-cü il. Bakı metrosunda törədilmiş terror nəticəsində 14 həmvətənimiz öldü. Ölənlər arasında Xalq Artisti, Azərbaycanın caz musiqisi sənətinin yeni parlaq səhifələrini yaradan Rafiq Babayevin də adı var. Ömründə ilk və son dəfə yer altına enən dahi sənətkar həyata elə oradaca əlvida dedi.

83 yaşını onsuz qeyd etdiyimiz Rafiq Babayevin əziz xatirəsi “Kədərimiz... Vüqarımız”, “Günorta qatarı” filmlərində, qızı Fərizə Babayeva və sənətşünas Rauf Fərhadoğlunun müəllifi olduğu “Rafiq Babayev: mövzudan improvizəyə” kitabında və ən əsası hər bir azərbaycanlının düşüncələrində yaşayır.

 

 

 

Baxış sayı: 817