XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Məmmədbağır Bağırzadənin anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
30/10/2023 09:03

Məmmədbağır Məmmədəli oğlu Bağırzadə 1950-ci il iyul ayının 21-də Bakının Nardaran kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra, 1975-ci ildə Asəf Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinin (indiki Asəf Zeynallı adına musiqi kolleci) muğam şöbəsinə daxil olub, muğam sənətimizin bilicisi Əlibaba Məmmədovdan ifaçılıq sənətinin sirlərinə yiyələnib.

Musiqi məktəbini bitirdikdən sonra, 1980-ci ildə Azərbaycan Dövlət Konsert Birliyinə dəvət olunub, “Azkonsert” birliyində işlədiyi illərdə saysız-hesabsız qastrol səfərlərində olub, muğamın, xalq mahnılarının təbliğində böyük rol oynayıb. Burada özünün rəhbərlik etdiyi “Dilkəş” ansamblını yaradıb. 1985-ci ildən müğənni Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solisti olub.

Müğənni M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət Institutunun (indiki ADMİU) mədəni-maarif fakültəsini 1987-ci ildə bitirib. M.Bağırzadə 2002-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin xanəndə sinfində 3 il müəllim işləyib.

O, adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edib, xüsusilə də, şairə Zivər Ağayeva ilə yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çoxlu sayda gözəl mahnılar bəxş edib. Onun yaradıcılığında bəstəkar Ələkbər Tağıyev xüsusi rol oynayıb. Bəstəkarın “Söylə, yadındamı?”, “Sənsən həyatım”, “Mənəm”, “Sən gəlməz oldun”, “Kəndimizin gözəlləri”, “Təzə gəlin”, “Yadıma düşdü”, “Xızı dağları” kimi mahnıları xüsusi yer tutub. Müğənninin repertuarına Oqtay Kazımovun, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi. Radionun fondunda onlarca mahnısı saxlanan müğənninin ifa etdiyi bəstələr “Melodiya” firması tərəfindən vala yazılaraq geniş yayılıb.

Məmmədbağır Bağırzadə yaradıcı sənətkar olub. Bir sıra yaddaqalan, xalq tərəfindən çox sevilən, bu gün də müğənnilər tərəfindən ifa edilən onlarla mahnı bəstələyib. “Darıxıram”, “Dözə bilmirəm”, “Güman yeri var”, “Qaldı dağlarda”, “Olmaz”, “Qəhrəmanlıq nəğməsi”, “Dindir məni”, “Ana dünyası”, “Xoşum gəlir”, “Axtarır gözüm səni” kimi mahnılar insanların zövqünü oxşayıb.

Onun ifasında 1979-cu ildə Ələkbər Tağıyevin mahnıları, 1981-ci ildə isə öz bəstələri kütləvi tirajla buraxılıb. Müğənninin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, “Əməkdar artist”, 2002-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb.

Məmmədbağır Bağırzadə 2005-ci il oktyabr ayının 30-da vəfat edib, doğulduğu Nardaran qəsəbəsində dəfn olunub.

Baxış sayı: 558