XƏBƏRLƏR
MƏLUMAT
Bu gün teatrşünas Məryəm Əlizadənin yubileyidir
ÜMÜMİ XƏBƏRLƏR
14/04/2020 01:18

Məryəm Əli qızı Əlizadə — teatr tənqidçisi, teatrşünas, sənətşünaslıq doktoru (1998), professor (1999), 1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 

Məryəm Əlizadə 1950-ci il aprelin 14-də Bakı şəhərində fəhlə ailəsində anadan olub. Burada 31 saylı orta məktəbi bitirdikdən sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Teatrşünaslıq fakültəsində təhsil alıb (1967-1972).

Əmək fəaliyyətinə Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsində baş laborant kimi başlayıb (1972-1975). Bakı Kitabxanaçılıq Texnikumunda müəllimlik edib (1976-1978), M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna dəyişilib, Teatr tarixi kafedrasında müəllim, baş müəllim (1978-1985), sonra isə dosent və professor vəzifəsində çalışıb.

Ədəbi fəaliyyətə 1972-ci ildən "Qobustan" toplusunda teatr tənqidi barədə dərc olunan məqalələrlə başlayıb, bundan sonra dövri mətbuatda teatr tənqidinə və teatrşünaslığa dair məqalələrlə müntəzəm çıxış edib. "Əhməd Ağdamski" və "Həbib bəy Mahmudbəyov" elmi-ədəbi oçerkləri "Unudulmaz səhnə ustaları" kitabında (1981, Yazıçı) dərc olunub.

Azərbaycan Yazıçılar İttifaqı Dramaturgiya şurasının sədri, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında bədii şuranın üzvü (1987-ci ildən), Azərbaycan SSR Teatr Xadimləri İttifaqı Idarə Heyətinin üzvüdür (1988-ci ildən).

"SSRİ və Yunan Teatr Əlaqələri. Ənənə və novatorluq" simpoziumunda (Afina – 1986, oktyabr) Sovet nümayəndə heyətinin tərkibində Yunanıstanda olub.

1998-ci ildə “Qızıl Dərviş” mükafatı laureatı, 2007-ci ildə “Əməkdar İncəsənət xadimi” fəxri adına, 2008- ci ildə “Humay” mükafatı laureatı adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif olunub, C.Cabbarlı mükafatına və Türksoy mükafatına layiq görülüb.

Baxış sayı: 387