XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Əməkdar incəsənət xadimi, Xalq artisti Vasif Adıgözəlovun doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
28/07/2023 01:00

Vasif Adıgözəlov 28 iyul 1935-ci ildə Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində anadan olub. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik Musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirir. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. Müğənni Rauf Adıgözəlovun qardaşı, dirijor Yalçın Adıgözəlovun atasıdır.  

Əmək fəaliyyətinə 1958-ci ildən Radio və Televiziya Komitəsində musiqi redaktoru kimi başlayıb. Sonralar M.Maqomayev adına Dövlət Filarmoniyasının bədii rəhbəri, A.Zeynallı adına Bakı Musiqi məktəbinin direktoru, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında fəaliyyət göstərib, “Xor dirijorluğu” kafedrasının müdiri olub. 1989-cu ildən professor adını alıb.

1990-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.

Vasif Adıgözəlov “Ölülər”, “Natəvan” operalarının, “Hacı Qara” (həmmüəllifi R.Mustafayev), “Nənəmin şahlıq quşu”, “Boşanaq - evlənərik”, “Lənət şeytana” musiqili komediyalarının, “Odlar yurdu”, “Qarabağ şikəstəsi”, “Çanaqqala - 1915”, “Qəm karvanı” oratoriyalarının, “Novruzum”, “Təntənəli” kantatalarının, 4 simfoniya, 6 instrumental konsertin, kamera-instrumental musiqinin, kino-teatr musiqisinin, romans və mahnıların müəllifidir.

Görkəmli bəstəkar 15 sentyabr 2006-cı ildə Bakı şəhərində vəfat edib.

Baxış sayı: 147