XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Daxili Qoşunların yaranma günüdür
ÜMÜMİ XƏBƏRLƏR
12/03/2021 00:00

Martın 12-i Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaranması günüdür. Bu illərdə Daxili Qoşunlar dövlətimiz və dövlətçiliyimiz uğrunda, ictimai asayişin qorunması naminə inamla, şərəflə, ləyaqətlə mübarizə aparıb və aparmaqdadır. Qürur hissi ilə deyə bilərik ki, bu gün Daxili Qoşunların maddi-texniki bazası çox yüksək səviyyədədir və Avropa standartlarına tam cavab verir. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin Daxili Qoşunların peşə hazırlığının yüksəldilməsi üçün göstərdiyi diqqət və qayğının nəticəsidir.

1991-ci ilin dekabrında sabiq SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Bakıda yerləşən 5-ci diviziyası buraxılıb və heyəti 2500 nəfərdən ibarət olan üç hərbi hissə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilib. Həmin vaxtdan Azərbaycan Daxili Qoşunları Biləcəri qəsəbəsində yerləşən hərbi hissənin əsasında yaradılmağa başlanıb. Daxili Qoşunların Azərbaycan Daxili İşlər Nazirliyinin müstəqil strukturu kimi yaranması və formalaşması ölkəmizin çox çətin bir dövrünə təsadüf edib.

1992-ci il martın 12-də Daxili Qoşunların Biləcəri, Sumqayıt, Gəncə hərbi hissələri erməni işğalçılarına qarşı döyüşlərə başlayıb, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam rayonunun Papravənd, Qalayçılar, Manikli, Baş Güneypəyə, Canyataq, Gülyataq kəndlərində vuruşublar. Döyüşlərdə çavuş Hətəmxan Babayev, leytenant Rafiq İsmayılov, baş leytenant Ruber Səfərəliyev Daxili Qoşunların ilk şəhidləri olublar. Həmin döyüş günü rəmzi olaraq Daxili Qoşunlar günü kimi müəyyən edilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Daxili Qoşunların döyüşçüləri də qəhrəmanlıq nümunələri göstərib, şəhidlər veriblər. Döyüş əməliyyatları aparılan müddətdə qoşunların şəxsi heyətindən 496 nəfər həlak olub, 1166 nəfər yaralanıb, 268 nəfər isə itkin düşüb.

1995-ci il martın 9-da ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq Fərmanla Azərbaycan Daxili Qoşunlarının ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüşə başladıqları gün – martın 12-si Daxili Qoşunlar Günü elan olunub.

Ulu öndər Heydər Əliyev Daxili Qoşunların inkişafına, möhkəmlənməsinə daim diqqət yetirib. Qoşunların formalaşmasında da ümummilli liderimizin misilsiz tarixi xidmətləri olub.

2003-cü ildən Daxili Qoşunların inkişafında yeni mərhələ başlayıb. Bu gün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkənin daxili işlər orqanlarının ayrılmaz hissəsi olan Daxili Qoşunların təkmilləşdirilməsi, peşəkar hazırlığının yüksəldilməsi üçün daim diqqət və qayğı göstərir. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycanın Daxili Qoşunları döyüş hazırlığına və maddi-texniki bazasına görə MDB məkanında ön sıradadır.

Baxış sayı: 857