XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Azərbaycanın böyük şairi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
18/09/2023 00:46

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində alıb. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışıb.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmayıb. O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazıb. Artıq 20-ci illərin ortalarından etibarən istedadlı bir gənc şair kimi tanınıb.

Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.

Şəhriyar klassik şeirin bütün şəkillərində yazıb, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.

Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazıb. O, İran ədəbiyyatının ən görkəmli liriklərindən sayılır.

Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edib. Məzarı Təbrizdə "Şairlər məqbərəsindədir".

Baxış sayı: 171