XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın ilk qadın snayperi - Ziba Qəniyeva
ÜMÜMİ XƏBƏRLƏR
20/08/2021 01:33

Ziba Qəniyeva 20 avqust 1923-cü ildə Şamaxı şəhərində dünyaya göz açıb. Qeyri-adi gözəlliyə malik 17 yaşlı Ziba Qəniyeva İkinci Dünya müharibəsi illərində öz alayının siyahısında snayper-kəşfiyyatçı-rabitəçi kimi qeyd olunub.   

Atası Paşa Qəniyev azərbaycanlı, anası isə özbək olub. 1940-cı ildə Moskvaya gedib və Teatr Sənəti Dövlət İnstitutuna aktyorluq fakültəsinə daxil olub. Amma başlayan müharibə onun bütün planlarını alt-üst edib.

Müharibənin ilk günlərində yüz minlərlə digər tələbə kimi Ziba da hərbi komissarlığa cəbhəyə getmək üçün müraciət edib. Bir neçə gün sonra onun xahişi qəbul edilib və gənc qız atıcılıq kurslarında oxumağa başlayıb, 1941-ci ildə bu kursların müdavimi kimi Moskva uğrunda döyüşlərdə iştirak edib.

Taburda rabitəçi-kəşfiyyatçı olub. 1941-ci ilin həyəcan dolu qışında 16 dəfə düşmən arxasına keçərək, rabitə ilə vacib məlumatları ötürüb və düşmən haqqında xəbərlər verib.

1941-ci ilin noyabr ayının 7-də Qırmızı Meydanda keçirilən məşhur paradda Ziba Qəniyeva 3-cü Moskva Kommunist atıcı taburunun tərkibində iştirak edib. Leninqrad və Şimali-Qərb cəbhələrində döyüşlərdə iştirak edib. Ziba Qəniyeva İkinci dünya müharibəsi dövründə 129 alman əsgərini öldürüb.

1942-ci ilin yanvar ayında 3-cü Moskva Kommunist atıcı taburun bazasında 130-cu atıcı tabur yaradılıb. 151-ci moto-atıcı kəşfiyyat batalyonunun snayper-kəşfiyyatçısı Ziba Qəniyeva Leninqrad vilayətinin Çyornıye Ojetsı, Lunevo və Dyaqilyov kəndləri ərazisində 1942-ci ilin aprel ayının 12-dən may ayının 23-nə qədər fəaliyyət göstərib, bu müddət ərzində 20 alman məhv edib, bunlardan ikisi zabit olub. 1942-ci ilin may ayının 23-də Ziba Qəniyeva Leninqrad vilayətinin Molvotiski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçilib.

Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Şimali-Qərb cəbhəsinin qoşunlarının 1942-ci il 16 iyul tarixli  0869 nömrəli əmrinə əsasən snayper-kəşfiyyatçı Ziba Qəniyeva “Qızıl Bayraq” ordeni ilə təltif edilib.

İkinci Dünya müharibəsi illərində o, 129 işğalçı məhv edib, göstərdiyi qəhrəmanlıq və şücaətə görə Ziba Qəniyeva çoxsaylı dövlət mükafatları ilə, o cümlədən  “Qırmızı Bayraq” və “Qırmızı Ulduz” ordeni ilə, “Moskvanın müdafiəsi uğrunda” medalı ilə təltif edilib. 

Qələbədən sonra məşhur diplomat, SSRİ-nin Türkiyədə müvəqqəti səfiri olan Tofiq Qədirovla ailə qurdu. Tarixlə məşğul oldu, şərqşünaslıq üzrə doktorluq dərəcəsi aldı, professor oldu. 

1945-ci ildə sovet kinosunun ekranlarına “Tahir və Zöhrə” adlı bir film çıxır. XV əsrdə indiki Özbəkistan ərazisində Teymuri sülaləsi zamanı yaranmış xalq dastanının motivləri əsasında çəkilən bu filmin həmrejissorları Nəbi Qəniyev və Yuldaş Aqzamovdur. Filmdə İran şahzadəsinin obrazını İkinci Dünya müharibəsinin qəhrəmanı, zərif və əsl Şərq gözəli Ziba Qəniyeva ifa edib.

1955-56 illərdə Bakı Ali Partiya Məktəbində dil və ədəbiyyat kafedrasının müdiri, 1956 ildən SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi vəzifələrində işləyib.

Ziba Qəniyeva 2010-cu ildə Moskvada vəfat edib.

Baxış sayı: 2886