XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycanın ilk generalı və nasiri İsmayıl bəy Qutqaşınlının anım günüdür
ÜMÜMİ XƏBƏRLƏR
14/08/2023 00:39

İsmayıl bəy Qutqaşınlı Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və Müqəddəs Georgi ordenini qazanan ilk azərbaycanlı olub. O, 27 yanvar 1806-cı ildə keçmiş Qutqaşın mahalında (indiki Qəbələ) anadan olub.

İsmayıl bəy Qutqaşınlı 1822-ci ildə rus ordusunda xidmətə başlayıb. Peterburqda dörd il kadet məktəbində oxuyub. 1822-ci ildə bu məktəbi bitirib, Əlahiddə Qafqaz Korpusu tərkibindəki Gürcüstan qrenadyor alayında sıravi əsgər kimi hərbi xidmətə başlayıb. O, uşaqlıq və gənclik illərində dini təhsil alıb, ərəb, fars dillərini öyrənib, klassik Azərbaycan və Şərq ədəbiyyatı ilə yaxından tanış olub. Xidməti illərində İ. Qutqaşınlı bir sıra mütərəqqi rus ziyalıları ilə dostluq əlaqəsi yaradıb, rus və Qərbi Avropa mədəniyyətlərinin nailiyyətlərinə yiyələnib, dövrünün ən savadlı Azərbaycan ziyalılarından biri olub.

Böyük ədib iki dəfə müqəddəs Həcc ziyarətində olub. Bu səyahəti ilə əlaqədar 1967-ci ildə çap olunmuş "Səfərnamə" adlı yol qeydlərini yazıb. Əsər Qutqaşınlının getdiyi yolun coğrafiyasının öyrənilməsində böyük əhəmiyyət daşıyır. Hazırda bu əsərin cəmi 126 səhifəsi tapılıb.

İsmayıl bəy Qutqaşınlı Azərbaycan ədəbiyyatına müasir nəsr, hekayə janrını gətirən yazıçıdır. Yaradıcılığının şah əsəri "Rəşid bəy və Səadət xanım" əsəridir. Bu əsərdə iki zadəgan ailəyə məxsus olan gənclərin məhəbbətindən bəhs edilir. Bundan başqa bəzi mənbələrə görə Qutqaşınlının "Tutu" adlı əsəri də olub. Ancaq bu əsər itirilib və günümüzə gəlib çatmayıb.

O, 1861-ci ildə  avqustun 14-də Ağdaş mahalında karvansarada yemək yeyərkən ermənilər tərəfindən suyuna zəhər qatılmaqla həyat yoldaşı Tutu xanım Bikə ilə birgə həyatına son qoyulub. Nasir xanımı Tutu Bikə ilə yanaşı Qəbələdəki Soltanbaba qəbiristanlığında dəfn edilib.

İsmayıl bəy Qutqaşınlının adı Azərbaycan xalqının qəlbində daim yaşayır. Qəbələ şəhərinin mərkəzi küçələrindən birinə onun adı verilib. Eyni zamanda Qəbələdə ədibin heykəli ucaldılıb, xatirə-ev muzeyi yaradılıb. Bakının Yasamal rayonundakı mərkəzi küçələrindən birinə Qutqaşınlının adı verilib.

Baxış sayı: 2008