XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan rəqqası, Xalq artisti Böyükağa Məmmədov
ÜMÜMİ XƏBƏRLƏR
17/01/2022 02:28

Mirməmməd Mircəfər oğlu Məmmədov (Böyükağa Məmmədov) 1927-ci il yanvarın 23-də Bakıda anadan olub. Orta təhsilini başa vurduqdan sonra 5 nömrəli peşə məktəbində oxumaqla yanaşı, həm də məktəbin rəqs kollektivində fəaliyyət göstərib. Burada rəqsin sirlərini yaşıdlarına öyrədib. Müharibənin ağrı-acısını yaşayan kiçik Mirməmmədin atası, qardaşı və bacısı müharibəyə aparılır. Ehtiyat əmək qüvvələri məktəbinin ansamblına yazılması onun gələcək fəaliyyətində mühüm rol oynayıb.

Həyatın ritmlərini xalq rəqsində tapan rəqqasın zəngin yaradıcılıq yolu vardır. 1955-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib, 1946-1966-cı illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs Ansamblının solisti olub. 1965-ci ildə Respublikanın Xalq artisti adına layiq görülüb. 1966-cı ildə Texniki və bədii yaradıcılıq evi, Y.Qaqarin adına Pionerlər sarayı rəqs kollektivlərinin bədii rəhbəri təyin edilib. 1971-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyətə başlayıb. 1951-ci ildə tələbə və gənclərin Berlin, 1953-cü ildə Varşava və 1957-ci ildə Moskvada keçirilən dünya festivallarının laureatı olub. O, 1960-cı ildən “Cücələrim” rəqs ansamblına rəhbərlik edib.

Azərbaycan rəqslərini Fransa, İsveçrə, İran, Əfqanıstan, Polşa, Almaniya, Macarıstan, ümumilikdə 123 ölkədə ləyaqətlə təmsil edən Böyükağa Məmmədov ömrünün 70 ilə yaxın böyük bir dövrünü bu sənətin inkişafına həsr edib. Bu illər ərzində sənətinin onlarla davamçısını yetişdirib, nəsillər arasında sənət varisliyinin möhkəmlənməsinə töhfələr verib. Azərbaycan mədəniyyətinə verdiyi töhfələrə görə müxtəlif orden və medallara layiq görülüb, Prezident təqaüdçüsüdür.

Ustad rəqqas sənətini sevərək gələcək nəsillərə ərməğan edib. Bu gün ölkədə fəaliyyət göstərən rəqs kollektivlərində onun tələbələri çalışır. Uzun illər Dövlət Mahnı və Rəqs Ansamblında çalışan sənətkarın qurduğu rəqslər bu gün də səhnədədir, yenə də tamaşaçılar tərəfindən maraqla qarşılanır. Məxsusi onun üçün qurulmuş “Çoban” rəqsi bu gün arxivdə qorunur. Özünün öyrətdiyi rəqslər isə mövzu və süjet baxımından fərqli olub.

O, bir sıra məşhur filmlərimizdə də rəqslərə quruluş verib. 1965-ci ildə lentə alınan “Arşın mal alan” filmində qadınların rəqsinə Əminə Dilbazi, kişilərin rəqsinə isə Böyükağa müəllim quruluş verib. Bundan əlavə, “Mən rəqs edəcəyəm” filmində Mahmud Esenbayevin ifa etdiyi məşhur “Naz eləmə” rəqsinin quruluşu da ona məxsus idi.

Ümumilikdə, sənətkar ömrünün 61 ilini Azərbaycan rəqs sənətinə həsr edib. Bu illər ərzində 16 əməkdar artist, 2 SSRİ xalq artisti, eyni zamanda 2 xalq artisti yetişdirib. Dünyanın 121 ölkəsində Azərbaycan incəsənətini layiqincə təmsil edib. O, Azərbaycan SSRİ xalq artisti və əməkdar müəllim fəxri adlarına da layiq görülüb.

Azərbaycan milli rəqs sənətinin fədailərindən biri olan Böyükağa Məmmədov 17 yanvar 2018-ci ildə 90 yaşında Bakı şəhərində vəfat edib.

Baxış sayı: 711