XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan mətbəxinin milli yeməklərindən biri - Saciçi
ÜMÜMİ XƏBƏRLƏR
12/04/2021 03:44

Sacın qədim tarixi var. Qaz sobası və tava ixtira olunmamışdan öncə Azərbaycanda çörək və yemək bişirmək üçün bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək olan dəyirmi sacdan istifadə olunurdu. Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab, çökək, oyuq olan tərəfində isə müxtəlif yeməklər bişirilirdi. Hazırda da sac mətbəximizdə eyni məqsədlə istifadə olunur.

Adətə görə yemək hazırlamaq üçün sac ya ocaq, ya da ağac kömürü üzərində qoyulur. Keçmişdə köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək üçün sacı da özləriylə birgə aparırlarmış. Azərbaycan ərazisində b.e –nın 4-cü minilliyinə aid gildən hazırlanmış ilk sac nümunəsi tapılıb. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunur.

Sac içində hazırlanmış yeməklər “Saciçi” adlanır. Ət, toyuq, balıq - hər şey sac içində bişirilə bilər. Ən qədim sac yeməyi – sac qovurmadır ki, o da ətin ən yaxşı hissəsi, qoyun quyruğu soğanla birlikdə sac içində qovrulur.

Sacda bişirilən yeməklər isti halda süfrəyə verilməlidir. Bunun üçün sac süfrəyə “sac ayağı” deyilən 3 dayaqlı altlığın üzərində qoyulur. 

Bu dəfə sizə quzu ətindən saciçinin hazırlanma qaydasını təqdim edirik:

Ərzaqlar:

250 qr qoyun əti

2 ədəd baş soğan

50 qr quyruq yağı

1 ədəd şirin bibər

2 ədəd badımcan

2 ədəd kartof

30 qr nar dənələri

Üyüdülmüş qara istiot, duz

Nazik lavaş

Hazırlanması:

Qoyun əti yuyulur, doğranılır. Soğan yarımhalqa formada doğranmalıdır.

Dərin tavada və ya qazanda quyruq yağı əridilir, daha sonra ət qoyulur və 5-7 dəqiqə güclü odda bişirilir. Ardınca soğan əlavə edilir, duz-istiot vurulur. 20 dəqiqə qızartdıqdan sonra nar dənələri əlavə edilir.

Kartof və badımcanlar təmizlənir, iri doğranılır. Bibərlər yuyulub 8 hissəyə bölünür. Pomidorlar isə dairəvi şəkildə doğranılır.

Qalan piy ayrıca tavada qızdırılmalı, hazır olanadək ayrı - ayrılıqda kartof, badımcanlar, bibər və pomidorlar qızardılmalıdır. Süfrəyə verilərkən ət sacın ortasına, tərəvəzlər kənarlarına düzülməli, lavaş 4 yerə bölünməli və sacın üzərinə qoyulmalıdır.

Nuş olsun!

Baxış sayı: 664