XƏBƏRLƏR
MƏLUMAT
31 avqust 1993-cü il Qubadlı rayonunun işğalı tarixidir
ÜMÜMİ XƏBƏRLƏR
30/08/2019 08:40

Qubadlı rayonunun 31 avqust 1993-cü il tarixində ermənilər tərəfindən iş­ğalından artıq 26 il ötür.

Qubadlı rayonu 1933-cü ildə ya­radılıb. İnzibati mərkəzi Qubadlı şəhəridir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aid idi. Qubadlı rayonu şimaldan La­çın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəddir.

Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçü­lük təşkil edib. Rayonda 27-si mexanikiləşdirilmiş olan 31 süd-əmtəə ferması mövcud idi. Rayon­da üzümün ilkin emalı üzrə 2 zavod fəaliyyət göstərib. Tam gücü ilə işləyən asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda qonşu rayonlara da xidmət edib. Daş karxanası və mərmər sexi əhalinin tələbatını əsaslı şəkildə ödəyirdi. Qubadlıda 21 rabitə müəssisəsi var idi. 8 avtomat stansi­yası quraşdırılmışdı. 1950 nömrəlik həmin stansiyalar gecə-gündüz xalqın xidmətində durub.

Ümumiyyətlə, Qubadlı rayonun­da 62 idarə və müəssisə fəaliyyət göstərib.

Rayonun 33 səhiyyə müəssisəsində 56 həkim və 511 orta tibb işçisi fəaliyyət göstərirdi. 4 xəstəxana, 5 həkim ambulatoriyası, 54 feldşer-mama məntəqəsi, 4 əczaxana əhalinin sağlamlığının keşiyində durub. Rayon gigiyena-epidemiologiya mərkəzi və profilaktik dezinfeksiya şöbəsi yüksək səviyyədə iş aparırdı.

Erməni işğalçıları Qubadlıda 94 kənd və qəsəbəni, 205 mədəni-məişət obyektini, 12 tarixi abidəni yandır­mış və talan etmişlər. İşğala qədər 33 800 nəfər əhalisi olan Qubadlıda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb, 7 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir, bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. Qubadlının işğa­lı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı Tarix-diyarşünaslıq Muzeyini də talan edib.

IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, 5-ci əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikil­miş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Rayonda 111 mədəni-maarif müəs-sisəsi, o cümlədən 60 kitabxana, 10 mədəniyyət evi və 28 klub, 6 avto-klub olub. Qubadlı uğrunda gedən döyüşlərdə 54 nəfər şəhid olub, Qa­rabağ müharibəsində isə Qubadlının ümumilikdə 232 sakini şəhid, 146-sı əlil olub.

Rayonun 30 min əhalisi məcburi köçkün həyatı yaşayır.

Baxış sayı: 12072