XƏBƏRLƏR
MƏLUMAT
17 Yanvar - Uşaq İxtirası Günüdür
ÜMÜMİ XƏBƏRLƏR
16/01/2023 23:00

Hər il 17 yanvar tarixində dünyada Uşaq İxtiraları Günü qeyd edilir. Maraqlıdır ki, bu tarix məşhur amerikalı siyasətçi Benjamin Franklinin doğum günü tarixi ilə eyni təyin edilib. 1718-ci ildə 12 yaşlı Benjamin balıq üzgəclərini xatırladan iki qəribə əşya ilə çimərlikdə peyda olub. Ətrafdakıların iztehzalı gülüşlərinə baxmayaraq Benjamin o gün hamıdan daha sürətli üzürdü. Beləliklə üzgüçülük üçün ilk lazımi predmet yaranmış olur. Franklin 15 yaşında olarkən isə dünyaya növbəti bir yenilik – yellənən kürsünü bəxş edib. Bununla da, onun doğum tarixi Uşaq ixtiraları günü olaraq təyin edilir.

1824-cü ildə isə fransız çəkməçinin 15 yaşlı oğlu Lui Brayl görmə əngəlli insanlar üçün xüsusi şrift yaradır və bu şrift onun şərəfinə Brayl şrifti adlandırılır. Qeyd edək ki, Lui atasının emalatxanasındaçəkməçi bıcağına ilişərək yıxılıb və 5 yaşında görmə qabiliyyətini itirib. Lakin Lui öz ixtirasının köməkliyi ilə oxumağı öyrənib. Dünya hələ də bu ixtiradan istifadə edir. Brayl isə dünyasını dəyişdikdən sonra Paris panteonunda dəfn edilib.

Amerikalı Frenk Epperson isə qışda küçədə qalmış 1 stəkan limonadın onu milyonçuya çevirəcəyini ağlına belə gətirməyib. Səhər limonad buza çevrilib və beləliklə 11 yaşlı Epperson “meyvəli buzun” ixtiraçısı olur. O, ilk vaxtlarda öz ixtirasını kütləvi istehsalata çevirməyi düşünmürdü və onu yalnızca 18 ildən sonra, yəni 1923-cü ildə donmuş limonad istehsalı ilə məşğul olan zavodu yaratdıqda xatırlayıb. 1928-ci ildə isə patenti satıb və mütəmadi olaraq yaxşı gəlir əldə edib.

Baxış sayı: 595