XƏBƏRLƏR
MƏLUMAT
Xalq artisti Eldəniz Zeynalovun ölümündən 20 il keçir
ÜMÜMİ XƏBƏRLƏR
05/11/2021 01:24

1936-cı il dekabrın 31-dən 1937-ci ilin yanvarın 1-nə keçən gecə Bakının Yuxarı Dağlı küçəsində hərbçi Məmmədlə Zeynəbin ailəsində doğulub. Adını ailənin qonşuluğunda yaşayan şair Səməd Vurğun qoyub:

“Aybənizimiz, Gülbənizimiz var, qoy onun da adı Eldəniz olsun”.

Eldəniz Zeynalov dayısının sənətini seçir - Azərbaycanın tanınmış aktyoru Həsənağa Salayevin. Tez-tez dayısı ilə onun çalışdığı Akademik Dram Teatrına gedir, saatlarla məşqə tamaşa edirmiş. Bəzi uşaq rollarında da oynayıb. Dayısı ilə birgə tamaşaçı qarşısına çıxıb baş əydikləri anları sonradan Eldəniz Zeynalov həyatının ən şirin xatirəsi kimi zarafatla xatırlayıb.

İlkkinorolu “Əhmədharadadır” filmində Rəngsaz Əhməddir.

“Bir cənub şəhərində” filminə çəkilərkən Eldəniz rejissorun təkidi ilə qızı qucaqlamalıymış. Aktrisa buna razılıq verməyib. Rejissor israr edib ki, bu kadr hökmən alınmalıdır. Belə olan halda Eldəniz rejissora deyib ki, narahat olma, işıqları söndür, mən onu qəflətən qucaqlayacam. Belə də ediblər. İşıqlar sönən kimi qızı necə qucaqlayıbsa, qız başlayıb qışqırmağa. Rejissor göstəriş verib ki, çəkin. O filmdəki kadr yalançı kadr deyil, doğrudan da, qız çığır-bağır edir, Eldənizin üstünə qışqırır.

Filmlərimizdə ən az sözü olan obrazları oynayıb, amma hər dediyi kəlmə tamaşaçıların dilində əzbərdir:

“Tofiqin canı üçün buraxmaram...”, “Lazım gəlsə olar”, “Gördün ala, bütün Amerika mən diyəni diyir”, “Başımın razmeri də 59-dur...”, “Buna bax, mən ölüm, menya ubit xoçet”, “Ağa naçalnik, biri deyir tax. Biri deyir çıxart!” və s.

Azərbaycan kino sahəsində haqqında bu qədər əhvalat gəzən, adına bu qədər lətifə danışılan adam yoxdur. Bir dəfə tamaşalardan birində səhnənin arxasından danışa-danışa, yəni alqış istəyə-istəyə çıxan Eldənizə əl çalmırlar. Eldəniz Zeynalov təəccüblənir. Tərəf-müqabili öz replikasını deyəndə, Eldəniz onu saxlayır: “Ala, bir dəyqə diyan sən... Ay camaat, mənəm də, Eldəniz, nöş əl çalmursuz?” deyir, səhnəni gülüş və alqış sədaları bürüyür.

Bir dəfə Eldəniz Yaponiyadan gətirilən maşın alıbmış. Maşının sükanı sağdaymış. Eldəniz maşını alan kimi Mikayıl Mirzə ilə Şıx çimərliyindəki kababxanada yaxşıca yeyib-içirlər. Qayıdanda onları yol polisi saxlayır. Eldəniz əsəbiləşir:

“Alə, yekə kişisiz, nə istəyirsiz, bu camaatdan? Niyə adamları incidirsiz? Ölürsüz rüşvət almaq üçün. Görmürsüz, maşında iki böyük sənətkar gedir? Mən cəhənnəm, Mikayıl müəllimi tanımırsız bəyəm? Evdə televizorunuz yoxdur?”.

Bu zaman Mikayıl Mirzə tez maşından düşüb girir Eldənizin qoluna. Yol polisindən üzr istəyib Eldənizi maşına tərəf çəkir. Özündən asılı olmayaraq, sol qapını açıb Eldənizi içəri salır. Özü də qayıdır polisin yanına ki, bir az dil-ağız etsin. Maşına vərdiş etməyən Eldəniz deyinə-deyinə əlini sükana atır, görür sükan yoxdur. Tez qapını açıb düşür və yüyürüb polisin yaxasından tutur ki: “Bura bax, alə, Eldəniz səninçün hərif-zad deyil. Tez ol rulu geri qaytar...”

Xalq artisti fəxri adı ona çox gec verilir. Bu adın sevincini ürək dolusu ilə yaşaya bilmir. O zaman artıq xəstəxanada idi. Onu təbrik edib “Fəxri ad alacağınızı gözləyirdinizmi?” deyə soruşanlara “Gözləyirdim, deyəndə, bu adı elə xalq arasında daşıyırdım. Bəzi aktyorlar Xalq artisti adını alanda məndən bir növ utanırdılar. Sağ olsun, dövlətimiz, yenə də əməyimi qiymətləndirdi” deyib.

Eldəniz Zeynalovun qardaşı Tofiq Zeynalov uzun illər Dövlət televiziyasında rejissor işləyib, Eldəniz Zeynalovun da oynadığı “Qonşu qonşu olsa” tamaşasının rejissoru olub.

Eldəniz Zeynalov adi bir qəza üzündən xəstələnir. Təsadüfən ayağını sındırır və bu hadisədən sonra altı ay xəstə yatır. Həkimlərin yanlış müalicəsi nəticəsində ayağında çürümə başlayır və Xalq artisti 2001-ci ilin noyabrın 5-də dünyasını dəyişir.

Azərbaycan teatr və kinosunda unudulmaz obrazlar yaratmış Eldəniz Zeynalov Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Baxış sayı: 283