XƏBƏRLƏR
MƏLUMAT
Şərqin Dünya gözəli Ayşvariya Ray
ÜMÜMİ XƏBƏRLƏR
01/11/2021 01:38

Ayşvariya Ray 1 noyabr 1973-cü ildə Manqalorda (Hindistan) ticarət donanması zabiti və yazıçı ailəsində anadan olub. Uşaqlıqda klassik musiqini və rəqsi öyrənib. Kolleci bitirdikdən sonra universitetə qəbul olub və memarlığı öyrəndikdən sonra model olub. 1994-cü ildə "Dünya gözəli" müsabiqəsinin qalibi olub. Model təhsilini almağına baxmayaraq o, həkim olmağa çalışıb. Lakin arzusu həyata keçməyib. Ailəsi hind ziyalılarının elitasına daxil olduğundan o, ənənələrə riayət edib və ciddi nəzarətdə tərbiyə alıb.

"Dünya gözəli" titulunu aldıqdan sonra Bollivudda onu diqqət mərkəzində saxlayıblar. Kinoda ilk rolu 1997-ci ildə "İruvar" filmində olub. "Yalançı aşiq" filminə görə isə ən yaxşı debutant kimi mükafat alıb. 2000-ci ildə "Əbədi səninlə" filmində ən yaxşı qadın roluna görə və 2001-ci ildə "Mükafata sevgi" filmində ən yaxşı aktrisa kimi mükafatlar alıb.

2002-ci ildə onun və hind kinosunun ən uğurlu filmi "Devdas" Kann kinofestivalında nümayiş olunub. Ayşvariya özü isə 2003-cü ildə həmin kinofestivalın jüri üzvü seçilib. 2004-cü ilə ilk ingilisdilli filmdə - "Gəlin və mövhumat"da çəkildikdən sonra Hollivud artıq onunla maraqlanmağa başlayıb. Ayşvariya Ray ilk Hind ulduzudur ki, onun mum fiquru məşhur Madam Tüsso Muzeyini bəzəyir.

Bir neçə il Salman Xan ilə nişanlı qalan Ayşvariya, onun qısqanc xasiyyətinə davam gətirməyərək ayrılıb və bir müddət Londonda yaşamalı olub. Aktyor Vivek Oberoy ilə bir müddət görüşən Ayşvariya 2007-ci ilin aprelində Hindistanın məşhur kino aktyoru Amitabh Baççanın oğlu Abhişek Baççan ilə nişanlanıb və apreldə evləniblər. Bir qız övladı var.

Ayşvariya Ray sərbəst dörd dildə danışır: hind, ingilis, tamil və urdu. Loreal, Coca-Cola və DeBeers kimi markaların simasıdır. Filmə görə qonorarı 15 milyon dollara çatır. Son çəkildiyi filmlər: "Ədviyyələr şahzadəsi", "Baltii və Babli", "Loknau gözəli", "Quru", "Codxa xə Akbar", "Xaos", "Atanın izi ilə", "Çəhrayı pantera -2". Hazırda aktrisa kino yaradıcılığını davam etdirir.

Baxış sayı: 496