XƏBƏRLƏR
MƏLUMAT
Rus poeziyasında öz dəsti-xətti olan şair Aleksandr Aleksandroviç Blokun 140 illiyidir
ÜMÜMİ XƏBƏRLƏR
16/11/2020 01:13

Aleksandr Aleksandroviç Blok 1880-ci il noyabr ayının 16 (28)-da Sankt-Peterburqda zadəgan ailəsində anadan olub.

O, gimnaziyanı bitirib Peterburq universitetinə hüquq fakültəsinə daxil olub, bir müddət sonra tarix-filologiya fakültəsinə dəyişib. Uşaqlıq illərindən rus ədəbiyyatının böyük ənənələrinə dərin hörmətlə yanaşıb, qədim fəlsəfə və filologiya elmlərinə, xüsusən də teatra meyl göstərib.

Aleksandrın ilk qələm təcrübələri real həyat hadisələrinə əsaslanmayan, romantik mistik şeirlərdən ibarət olub. 1904-cü ildə nəşr olunmuş “Gözəl qadın haqqında şeirlər” adlı ilk kitab Aleksandr Bloku lirik-simvolist şair kimi tanıdıb. 1905-ci ildən etibarən yaradıcılığında ictimai motivlər güclənib. 1905-1907- ci illərdə yazdığı əsərlərdə (“Toxlar” (1905); “Gözlənilməz sevinc” (1907)) həyatın kəskin ziddiyyətləri, kapitalist şəhərində insanın faciəsi əks olunub. “Qar maska” (1907), “Qarlı torpaq”, “Lirik dramlar”(1908) əsərlərində burjua cəmiyyəti tənqid edilib. Blok lirikasında (“Rusiya”, “Kulikova çölündə” 1908) rus mədəniyyəti və vətənin taleyi haqqında dərin düşüncələr mühüm yer tutub.

1910-cu ildən yazmağa başladığı “İntiqam” adlı tamamlanmamış poemasında mülkədar burjua cəmiyyətinin məhvə məhkumluğu göstərilib.

İnqilabi motivlər Blokun yaradıcılığında əsas yer tutur. O, Oktyabr inqilabını əsl mənəvi təmizləyici bir fırtına kimi qiymətləndirib və buna özünün ən ölməz əsərini - “Onikilər” poemasını, “Skiflər” (1918) şeirini həsr edib. “Naməlum qadın” (1906), “Balaqan” (1906), “Qızılgül və xaç” (1912-13) və s. pyesləri var.

“Lirika haqqında” (1906), “Rus simvolizminin müasir vəziyyəti haqqında” (1910); “Ziyalılar və inqilab” (1918) adlı tənqidi, publisist məqalə və oçerklər də yazıb.

Əsərləri bir çox dilə, o cümlədən Azərbaycan dilinə tərcümə olunub.

Aleksandr Aleksandroviç Blok 1921-ci ildə avqust ayının 7-də Petroqradda vəfat edib.

Rus poeziyasının ən böyük simalarından biri kimi Aleksandr Blokun adı haqlı olaraq A.S.Puşkin, M.Y.Lermantov, N.A.Nekrasov, V.V.Mayakovski və başqaları ilə bir sırada çəkilir. Anadan olmasından 140 il ötməsinə baxmayaraq Blok bu gün də oxunan, sevilən bir şairdir.

Baxış sayı: 241