XƏBƏRLƏR
MƏLUMAT
“Qəhrəmanları tanıyaq və tanıdaq” rubrikasında Valeh Müslümov
ÜMÜMİ XƏBƏRLƏR
02/09/2021 01:28

Valeh Əlizaid oğlu Müslümov 1968-ci il sentyabrın 2-də Lerik rayonunda anadan olub. 1975-ci ildə 2 saylı Lerik rayon orta məktəbinin birinci sinfinə gedib, 1983-cü ildə səkkizinci sinifi bitirib. Elə həmin il Sumqayıt şəhər 17 saylı texniki-peşə məktəbində dülgər ixtisasına yiyələnib.

1984-cü ildə 2 saylı Sumqayıt Tikinti Trestinin Səyyar Mexanikləşdirilmiş dəstəsində çalışıb. 1986-cı ildə hərbi xidmətə çağırılıb. 1988-ci ildə hərbi qulluqdan tərxis olunaraq Sumqayıta qayıdıb.

Torpaqlarımızın erməni quldurları tərəfindən işğal edilməsinə dözə bilməyərək, 1991-ci ilin avqust ayında DİN-nin Xüsusi Təyinatlı Milis Dəstəsində xidmətə başlayıb. Şuşa, Xocalı, Tovuz və Qubadlıda keçirilən döyüş əməliyyatlarında iştirak edib. Füzuli rayonu ərazisində erməni quldurlarının mühasirəsində olan cəsədlərin çıxarılmasında həyatı bahasına riskə gedib. 1992-ci il aprel ayının 14-ü Marquşevan kəndində gedən döyüşlərdə Valeh öz dəstəsi ilə birgə cəsarətlə vuruşub. Marquşevan döyüşündə 11 nəfər yaralı döyüşçünü ölümün pəncəsindən xilas edən Valeh əfsus ki, öz həyatını xilas edə bilməyib.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Müslümov Valeh Əlizaid oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Vaxtilə təhsil aldığı Lerik rayonundakı 2 saylı orta məktəbə şəhid Valeh Müslümovun  adı verilib.

Baxış sayı: 597