XƏBƏRLƏR
MƏLUMAT
Fotoqrafiya anı tarixə çevirən incə sənətdir
ÜMÜMİ XƏBƏRLƏR
04/09/2020 08:40

İnformasiya aləminin bugünkü qaynar çağında məlumatı daha dolğun çatdıran, insanlara emosional təsir edən və bununla yanaşı yaradıcılıq nümunəsi kimi diqqət çəkən, estetik zövq formalaşdıran sənətlərdən biri də fotoqrafiyadır. Bədii, sənədli, elmi, texniki, peyzaj və s. janrları ilə yanaşı, foto məişətə də daxil olaraq sevimli məşğuliyyətlərdən birinə çevrilib.

Fotoqrafiya (yunan dilində foto — işıq, qrafo — yazıram, çəkirəm deməkdir) heç də asanlıqla kəşf edilməyib. Xüsusi zəhmət çəkmədən və tez zamanda istənilən rəsmi çəkmək, insanın, mənzərənin və s. əksini əldə etmək həmişə insanları maraqlandırıb. Hələ uzun illər öncə insanların diqqətini çəkən məqamlardan biri də kiçik deşikdən qaranlıq otağa süzülən günəş şüasının yaratdığı effekt, bu işıqda əşyaların proporsiya və rəng baxımından əks olunması idi. İşığın qaranlıq otaqda yaratdığı bu effekt hələ e.ə. IV əsrdə yaşamış qədim yunan alimi Aristotelə məlum idi. XIII əsrdə eynəyin ixtirası, optik cihazların icadı foto-obyektivin yaranmasına təkan verib, lakin fotoaparatın yaranması, yəni əşyanın kağıza köçürülməsi kimya elminin inkişafını zəruri edib. Kimya elmində bu imkan XVIII əsrdə meydana çıxıb.

Optik cihaz vasitəsilə rəsmin kimyəvi prosesə çevrilməsində sonralar diplomat olmuş rus kimyaçısı A.P. Bestujev-Ryumin (1693-1766) və alman tibb alimi, cərrah İ.Q. Şulsenin (1687-1744) böyük xidmətləri olub. 1725-ci ildə Bestujev-Ryumin günəş işığında müxtəlif duz tərkibli məhlulların rəngini dəyişdiyini aşkara çıxarıb. İki il sonra isə Şulse brom duzunun işığa olan həssaslığını sübuta yetirib.

XIX əsrin birinci yarısında dünyanın müxtəlif ölkələrindən alimlərin bu sahədə səylə çalışması bəhrəsini verib. Fotoaparatın icad olunması sahəsində ən uğurlu işi fransız Jozef Nisefor Neps (1765-1833), Lui-Jak Mande Dager (1787-1851) və ingilis Uilyam Foks Henri Talbot (1800-1877) görüblər. Onlar fotoqrafiyanın yaradıcısı kimi tarixə düşüblər.

Beləliklə, 1839-cu il yanvarın 7-də Nisefor Neps və Lui Dager dayanıqlı insan foto təsvirini çəkməyi bacarıblar. Həmin gün fotoqrafiyanın yaranma tarixi kimi qəbul olunub. Müasir fotodan fərqli olaraq çəkilmiş ilk foto neqativ deyildi, foto pozitiv idi. Onu isə yalnız düz günəş şüaları altında görmək olurdu. Həmçinin foto pozitivdən köçürmə (surətçıxarma) mümkün deyildi.

Foto sənətinin inkişaf mərhələləri

Əsrlər boyu təşəkkül tapan bir çox incəsənət növlərindən fərqli olaraq fotoqrafiyanın yaxın tarixi, XX əsrin ikinci yarısını əhatə edir. Bu dövrdə bir çox ölkələrdə foto sənətinə həsr olunmuş kitablar yazılmağa başlanılıb. Baxmayaraq ki, həmin dövr fotoqrafiyası janr baxımından zəif idi. Bunun səbəbləri isə muzey, arxiv, kolleksiyaçıların az olması, həmçinin neqativ və çap kağızlarının keyfiyyətsizliyi idi. Buna görə də fotoqrafiyanın incəsənət növü kimi qəbul olunması kulturoloqlar tərəfindən tərəddüdlə qarşılanıb.

Bir çox incəsənət növlərindən fərqli olaraq foto-rəsm çox qısa zamanda əldə olunurdu. Bu səbəbdən mütəxəssislər tərəfindən fotoqrafiya sənəti uzun zaman tənqid atəşinə tutulub. Onlar fotoya gerçəkliyi kağıza köçürən mexaniki vasitə kimi baxıblar. Baxmayaraq ki, foto hələ o dövrdə zamanın bir çox sosial problemlərini əks etdirib. İstənilən incəsənət növünün müstəqil sənət kimi təşəkkül tapmasında əsas problem özünəməxsus ifadə dilinin olmasıdır. Buna görə də foto özünəməxsusluğunu sübuta yetirməli idi.

Fotoqrafiyanın bir sənət kimi yaradıcı tarixini analiz etsək, bir neçə inkişaf dövrünü qeyd etmək olar. Başlanğıcda fotoqraflar monumental, hərəkətsiz (dağlar, evlər) obyektləri çəkməyə üstünlük veriblər. Portretlərə gəlincə, uğurlu işin alınması üçün modellər uzun müddət yerlərində donub qalmalı olurdular. Bu mərhələ 1939-cu ildən başlayaraq təxminən növbəti 10-15 ili əhatə etdi.

Növbəti mərhələ fototexnologiyanın inkişafı — “shutter”in (işığahəssas hissəyə işığın təsir etməsini təyin edən vaxt intervalıdır) bir neçə dəqiqədən saniyəyə enməsi və geniş obyektivlərin yaranması ilə bağlı olub. Fotoqraflar ətrafda nə varsa çəkməyə can atıblar. Beləliklə, fotoqrafiyada təbiilik və reallıq həm anlaşıqlı olması, həm də sadəliyi ilə diqqət çəkməyə başlayıb.

Foto rəssamlığın sonudur?

XIX əsrin sonu XX əsrin əvvəllərində fotoqrafiyada yeni üsul — piktorializm meydana çıxır. Bu, fotonu incəsənətə yaxınlaşdırıb. Piktorializm (ingilis dilindən pictorial — rəssamlıq) XIX əsrin sonu XX əsrin əvvəllərində Avropa və Amerika foto sənətində yaranmış cərəyandır. Rəssamlıq elementlərini fotoya gətirməklə onu sənətə yaxınlaşdırıblar. Bu effekti əldə etmək üçün fotoqraflar müxtəlif texniki üsullara əl atıblar (yumşaldıcı obyektiv, filtrlərdən istifadə, pozitivin gümüş, duzlar və s. ilə işlənilməsi).

Fotoqrafiya yaranan zaman estetikada belə bir fikir hökm sürürdü ki, yalnız əllə yaradılan əsərlər incəsənət nümunəsi hesab olunur.

Yeri gəlmişkən, “texniki incəsənət növləri”nin hamısı eyni inqilabı yaşayıb: ilk dövrlərində onlar məzəli attraksionlar (kino), daha sonra informasiya ötürməyi bacaran texniki vasitələr (televiziya) kimi qəbul olunublar. Yalnız yeni sənət növü yaratma zərurəti prosesində kommunikativsənətlər – audiovizual incəsənət meydana gəlib.

Foto yeni yaranan zaman fransız rəssamı Delaroş (1797-1856) onun imkanlarını analiz edərək deyib: “Rəssamlıq bu gündən məhv oldu”.

Hələ yeni yarandığı zaman incəsənətin müxtəlif sahələrindən olan mütəxəssislər və cəmiyyət tərəfindən oyuncaq kimi qəbul olunan foto nə sənədli, nə bədii idi, nə də işıq-kölgə prinsiplərini əks etdirməyə qadir deyildi. Bu gün isə yuxarıda sadalananları mükəmməl mənimsəmiş fotoqrafiya incəsənətin növü kimi qəbul olunma haqqını qazanır. Fotonun inkişafı cəmiyyətin tələbatından irəli gəlirdi. Qəzet-jurnal bazarının kütləviləşməsi fotoqrafiyanı müxbirlik sahəsinə istiqamətləndirdi. İlk kino lentləri yaranan zaman fotoqrafiya parlaqlıq və estetikası ilə əsl sənət kimi çıxış edirdi.

Daim müzakirə olunan məsələlərdən biri də “bədii dəyərlərinə görə fotonu rəssamlıqla müqayisə etmək olarmı” sualı ətrafında müzakirələr idi.

Təbii ki, rəssamlığın fotoqrafiyaya təsiri böyük olub. Lakin müstəqil sənət kimi formalaşmasında fotoqrafiyanın da məqsədi ikimənalıdır: bir tərəfdən mümkün qədər rəssamlıqdan ayrılaraq öz sərhədlərini müəyyənləşdirmək, ikinci tərəfdən isə rəssamlığın bədii təcrübəsini özünəməxsus tərzdə mənimsəmək.

Buna görə də ənənəvi incəsənət növləri ilə müqayisədə həm oxşarlıq, həm də fərdiliyi açıq-aşkar görmək mümkündür.

Fotoqrafiyanın bədii tərəflərinə nəzər saldıqda mütləq ona xas sənədliliyin vacibliyi vurğulanmalıdır. Dokumentalizm, həqiqilik, dolğunluq, reallıq — fotoda əsas məqamlardan biridir. Bu köklü özəllikdə fotoqrafiyanın dünya mədəniyyətinə qlobal təsiri də böyükdür.

“Mədəniyyət” qəzeti

Baxış sayı: 860