XƏBƏRLƏR
MƏLUMAT
Xəzər rayon MKS-nin 7 nömrəli filialı görkəmli ədib Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığına müraciət edib
ÜMÜMİ XƏBƏRLƏR
17/05/2020 06:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 7 nömrəli filialı naşir, dramaturq, ədəbiyyatşünas, dirijor, Əməkdar incəsənət xadimi Əbdürrəhim bəy Haqverdiyevin yaradıcılığına müraciət edib.

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlər göstərmiş Ə. Haqverdiyev Qarabağda, Şuşada bəy ailəsində anadan olub.  Orta təhsilini Tiflisdə tamamlayan gənc Əbdürrəhim bəy 1891-ci ildə ali təhsil almaq üçün Peterburqa gedib, Yol Mühəndisləri İnstitutuna qəbul olub. O, ədəbi fəaliyyətə Şuşa realnı məktəbində oxuduğu zaman başlayıb, M.F.Axundzadənin təsiri ilə 1885-ci ildə “Hacı Daşdəmir” adlı kiçik pyes yazıb. Peterburqda təhsil alarkən onun bədii yaradıcılığa marağı daha da artır. O, burada olarkən “Yeyərsən qaz ətini, görərsən ləzzətini” (1892) komediyasını və “Dağılan tifaq” (1896) faciəsini yazır. 1899-cu ildən bir müddət Bakıda yaşayır. O, burada müəllimliklə məşğul olur, teatrlarda verilən tamaşalara rejissorluq edir, eyni zamanda “Bəxtsiz cavan” (1900), “Pəricadu” (1901), “Ağa Məhəmməd şah Qacar” (1907) faciələrini yazmaqla milli dramaturgiyanı ideya və poetika-sənətkarlıq baxımından daha da zənginləşdirir.

Ə.Haqverdiyev 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında “Xortdanın cəhənnəm məktubları” povestini, 1909-1910-cu illərdə isə “Marallarım” başlığı altında silsilə hekayələrini dərc etdirir. 

Naşirinin “Mirzə Səfər”, “Şeyx Şaban”, “Bomba”, “Həmşəri pasportu” kimi hekayələri hekayənin -bu kiçok janrın ən uğurlu nümunələrindən sayılır.

Qeyd edək ki, Əbdürrəhim bəy Haqverdiyev “Azərbaycan SSR-nin Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib.

 

Baxış sayı: 119