XƏBƏRLƏR
MƏLUMAT
Moskvada “İRS Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb
ÜMÜMİ XƏBƏRLƏR
23/08/2023 05:25

Moskvada “İRS Naslediye” jurnalının növbəti nömrəsi işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, jurnalın baş redaktoru Musa Mərcanlı özünün ənənəvi redaktor sütununda Qarabağın xristian irsi barədə oxuculara söhbət açıb. Məqalədə qeyd olunur ki, bəzi xarici dairələr Qarabağda xristian irsinin taleyindən narahatlıqlarını bildirir, əsassız olaraq onu erməni mədəniyyətinə aid edirlər.

“Jurnalın hazırkı nömrəsində təqdim olunan material bu mövzuya həsr edilib. Mənbələr əsasında göstərilir ki, son antik dövrdən erkən orta əsrlərin sonuna qədər Qarabağ Qafqaz Albaniyasının və müxtəlif alban knyazlıqlarının tərkibində olub. Alban kilsəsi XVIII əsrədək mənəvi həyatın mühüm amili hesab edilib, məşhur Qandzasar məbəd kompleksi isə əsrlər boyu alban katolikoslarının iqamətgahı kimi fəaliyyət göstərib”, - deyə müəllif yazır.

Budəfəki nömrədə Ümummilli Lider Heydər Əliyevin mədəniyyətə və mədəniyyət xadimlərinə münasibətinə həsr olunmuş material, ilk azərbaycanlı qadın jurnalist Şəfiqə Əfəndizadə, eləcə də musiqişünas, rəssam, pedaqoq Mir Möhsün Nəvvab haqqında məqalələr təqdim olunub.

İlk azərbaycanlı qadın-teatr rəssamlarından biri olan Bədurə Əfqanlının yaradıcılığına həsr edilmiş məqalə də mədəniyyət tarixi həvəskarlarının marağına səbəb olacaq. Bundan başqa, jurnalın nömrəsində müxtəlif mövzulara aid məqalələr, o cümlədən ənənəvi rubrikaların materialları da təqdim olunub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Baxış sayı: 84