XƏBƏRLƏR
MƏLUMAT
Londonda azərbaycanlı rəssamın “Yeddi Gözəl” sərgisi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
24/11/2025 09:20

Londonda azərbaycanlı rəssam Gülnarə Cəfərin “Yeddi Gözəl” (“Seven Beauties”) adlı fərdi rəsm sərgisi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Nizami Gəncəvinin eyniadlı əsərindən ilhamlanan rəssam sərgidə “Yeddi gözəl, yeddi rəng, bir səyahət” konsepti əsasında yaratdığı yağlı boya tabloları nümayiş etdirib.

Gülnarə Cəfər bildirib ki, sərginin məqsədi Azərbaycan mədəniyyətinin və Nizami irsinin Londonda daha geniş auditoriyaya çatdırılmasıdır:

“Bu layihə mənim üçün təkcə sənət işi deyil, həm də Nizami Gəncəvinin dahiliyini yeni nəsilə çatdırmaq missiyasıdır. Hər bir tablo yeddi gözəlin enerjisini, xarakterini və rəng fəlsəfəsini özündə əks etdirir”.

Gülnarə Cəfər qeyd edib ki, bu mövzu onun üçün həm sənət, həm də şəxsi bir yolçuluqdur. Rəssamın “Yeddi Gözəl” mövzusuna bağlılığı isə illər əvvəl başlayan bir hekayəyə söykənir. Onun sözlərinə görə, 17 yaşında olarkən, Gəncə şəhərinin arxitektoru ondan “Yeddi Gözəl” mövzusunda bir rəsm çəkməsini xahiş edib. O, bu rəsmi çəkib və məhz həmin əsərin əsasında Gəncədə bu günə qədər qorunub saxlanan mozaik mural hazırlanıb. İllər sonra Vətənə səfəri zamanı həmin muralı yenidən görməsi rəssam üçün yeni ilham mənbəyinə çevrilib.

Sərgi yerli sənətsevərlərin böyük marağına səbəb olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Baxış sayı: 10